Modern.az

“Heyvanları qəsdən vuran sürücülərə qarşı tədbir görülmür” - Hüquq müdafiəçisi

“Heyvanları qəsdən vuran sürücülərə qarşı tədbir görülmür” - Hüquq müdafiəçisi

Aktual

9 Aprel 2019, 16:41

Ölkəmizdə heyvanlarla bağlı ciddi problemlər var. Bunlardan biri də heyvanlar üçün qəbirstanlığın olmaması və ölmüş heyvan cəsədlərinin basdırılması üçün yerlərin ayrılmamasıdır. Başqa bir məsələ isə avtomobil qəzaları zamanı sahibsiz heyvanların cəsədlərinin yollarda qalmasıdır. Həmin heyvanaların ölümünə səbəb olan şəxslərin məsuliyyətə cəlb olunmaması isə ayrı bir problemdir.

Dünyanın bir sıra ölkələrində heyvanların müdafiəsinə yönəlmiş bir sıra qanunlar qəbul edilir. Məsələn, ölmüş heyvanlar üçün qəbirstanlığın açılması, onların cəsədlərinin yandırılması üçün krematorilərin inşası, heyvanlarla kobud davranışa görə cərimələrin tətbiqi və s. həyata keçirilir.

 

“Azərbaycan Heyvanları Mühafizə Cəmiyyəti”nin sədri Azər Qarayev Modern.az-a açıqlamasında bildirib ki, bu məslələr ciddi problemə çevrilib:

 

“Azərbaycanın İnzibati Xətalar Məcəlləsində Avropa Şurasının Heyvanları Müdafiə Konvensiyasının icrası ilə əlaqədar  yol təhlükəsizliyi barədə heç bir bənd öz əksini tapmayıb. Baxmayaraq ki, heyvanlara qarşı qəddar münasibətə görə 500 manat civarında cərimə nəzərdə tutulub, lakin hüquq-mühafizə orqanları həmin şəxslərin cinayətə cəlb edilməsində bir o qədər də maraqlı deyillər. Bunun nəticəsinədə biz yollarda dəfələrlə heyvanlara qarşı qəddar münasibətin şahidi oluruq. Hətta bir neçə dəfə sürücünün heyvanı avtomobillə qəsdən vurması ilə də rastlaşmışam. Ən dəhşətlisi odur ki, bu cür şəxslərə qarşı tədbir görülmür. Başqa bir problem qəzanı törədən şəxs hara müraciət etməlidir? Yollarda heç bir bir nişan qoyulmayıb ki, belə hallar baş verən zaman hara zəng etmək lazımdır. Axşam saat 18:00-dan sonra baytar tapmaq isə qeyri-mümkündür. Gecə vaxtı heyvanlara ilk tibbi yardımın göstərilməsi üçün heç bir orqan fəaliyyət göstərmir.

 

Hər bir sivil ölkədə heyvanların basdırılması üçün yerlər ayrılıb

“Bəzən heyvanlar insanların ailə üzvünə çevrilir. Onun ölümü insana ağır təsir edir. Belə olan halda insan  heyvanın müəyyən vaxt yanında olmaq, onu ziyarət etmək istəyir. Bəzi insanlar heyvanları ictimai yerlərdə, məsələn, parklarda basdırır. Bu düzgün hal deyil. Belə ki, həmin ərazidə tikinti işləri aparılsa basdırılan heyvanın cəsədi də yoxa çıxa bilər. Belə olan halda heyvanları şəxsi bağ evlərində, həyətlərdə basdırırlar.  Lakin hər kəsin torpaqyanı ərazisi yoxdur ki, öz heyvanını orda basdıra bilsin.Hər bir sivil ölkədə heyvanların basdırılması üçün yerlər ayrılıb.Biz lazımi orqanlara qəbirstanlığın açılması ilə bağlı bir neçə dəfə müraciət etmişik. Kütləvi informasiya vasitələrində də bu məsələlər işıqlandırılıb. Ümid edirik ki, qısa zaman ərzində bu problem öz həllini tapacaq”.

 

Əzizə Zeynal

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı