Bu il martın 10-da yaşadığı Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsi 9 ünvanındakı 9 mərtəbəli binanın 5-ci mərtəbəsindən yıxılan Səbinə Qarayeva əməliyyat olunub.
Modern.az-ın məlumatına görə, bunu deputat Aydın Mirzəzadə bildirib. Deputat S.Qarayevanın səhhətinin kafi olduğunu deyib:
“Bir müddət əvvəl Mingəçevirdə yaşadığı beşinci mərtəbənin balkonundan yıxılan Səbinə Qarayeva bu gün uğurla əməliyyat edilib. Əməliyyat ailənin müraciət etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilib”.
Deputat qeyd edib ki, bu barədə məlumatı ona Səbinənin nənəsi Həkimə xanım verib.
Qeyd edək ki, hadisə martın 10-da şəhərin Aydın Məmmədov küçəsi 9 ünvanında qeydə alınıb. 2001-ci il təvəllüdlü Səbinə Seymur qızı Qarayeva yaşadığı 9 mərtəbəli binanın 5-ci mərtəbəsindən yıxılıb. S.Qarayeva dərhal xəstəxanaya yerləşdirilib.
Yaxınlarının dediyinə görə, S.Qarayeva ehtiyatsızlıqdan yıxılıb. Məlumata görə, S.Qarayeva nişanlıdır, martın 24-ü toyu olacaqmış. Ehtiyatsızlıqdan yıxılan qızın aşağı mərtəbələrin eyvanlarındakı sərgi iplərinə dəyə-dəyə düşdüyünə görə belə hadisə üçün az zədə aldığı qeyd edilib.
Xatırladaq ki, hadisədən dərhal sonra açıqlama verən A.Mirzəzadə sağalandan sonra Səbinənin toyuna gedəcəyini, ya da hədiyyə göndərəcəyini söz verib.