Modern.az

Azərbaycan Avropanı da “işıqlandıracaq” - Enerji təminatında yeni mərhələ

Azərbaycan Avropanı da “işıqlandıracaq” - Enerji təminatında yeni mərhələ

Aktual

29 May 2019, 13:55

“Azərenerji” ASC-nin “Reabilitasiya Proqramı və yeni hədəflər”

 

Azərbaycanı ağuşuna alan qaranlıq…

 

2018-ci il 3 iyul... Bütün Azərbaycanın qaranlığa qərq olduğu tarix... Məhz həmin gün Mingəçevir İES-də baş verən qəza ölkəmizin enerji təhlükəsizliyinin aktuallığını bir daha gündəmə gətirdi. 2 gün ərzində elektrik enerjisi təminatında yaranan fasilələr, əhalinin tıxaclarda, metro tunellərində, dayanacaqlarda qalmasına, əlavə təşviş, həyəcan və narahatlıq keçirməsinə səbəb oldu. Qəza zamanı ölkənin 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yarandı. Hadisənin əsas səbəblərindən biri kimi mövsümi tələbatın artmasından qaynaqlanan yük artımı göstərildi. Ölkə rəhbərinin qəzanın nəticələrinin aradan qaldırılması üçün verdiyi göstərişdən sonra Dövlət Komissiyası yaradıldı. Komissiya tərəfindən yerli və xarici ekspertlər, aidiyyəti dövlət orqanlarının və qurumlarının nümayəndələri də cəlb edilməklə, səbəblər ciddi araşdırıldı, mövcud çatışmazlıqlar və problemlər, habelə qəzanı doğuran hallar da əks olunmaqla, hərtərəfli və geniş rəy hazırlanaraq, Prezidentə təqdim edildi. Hazırlanmış rəydə qəzanın əsas səbəblərindən biri kimi "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin qəzaya lazımi səviyyədə hazır olmamağı, fəaliyyətində mövcud olan texniki və bir sıra digər çatışmazlıqlar üzündən hadisəyə adekvat reaksiya verə bilməməyi, habelə nəticədə ölkənin enerji sistemində qəzaya gətirib çıxaran bir sıra digər nöqsanlara yol verdiyi qeyd olunurdu. Ölkə başçısı Dövlət Komissiyasının yekun rəyi ilə tanış olduqdan sonra işdə yol verdiyi nöqsanlara görə, "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevi tutduğu vəzifədən azad etdi.

 

Prezident sentyabrın 4-də imzaladığı digər sərəncamla Baba Rzayevi "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti təyin etdi. O Baba Rzayev ki, "Azərenerji” prezidentliyinə elektrik mühəndisliyindən uzun bir yol qət edərək gəlib. B.Rzayev 2015-2018-ci illərdə "Azərişıq” ASC-nin sədri olduğu müddətdə ölkə Prezidentinin qarşıya qoyduğu strateji xəttə uyğun olaraq, respublikanın regionlarında 100-dən artıq yarımstansiyanın tikilib yenidən qurulmasına, 1000-dən artıq qəsəbə və kəndlərin elektrik şəbəkəsinin yenilənməsinə nail olub. 2015-ci ildə "Azərişıq" ASC təhvil alınarkən texniki itkilər 15-20 faiz olduğu halda, 2018-ci ildə 8-10 faizə endirilib, "Azərişıq” ASC-nin bütün xidmətləri "ASAN Kommunal və ASAN Xidmət” mərkəzlərinə transfer olunub...

 

Böyüyən iqtisadiyyat, sabit enerji təminatı

 

Enerji təminatı sisteminin dayanıqlılığında mühüm amillərdən biri ehtiyat gücün həcmidir. Strateji Yol Xəritəsində göstərilib ki, Azərbaycanın enerji təminatı sisteminin ehtiyat gücü 2009- cu ildə 46% təşkil etdiyi halda, 2015-ci ildə 34% olub. Hesablamalara görə, 2020-ci ildə ehtiyat gücü cəmi 14% olacaq ki, bu da beynəlxalq miqyasda qəbul edilmiş normadan (25%) az olmaqla təhlükəsizlik riskini artırır. Ehtiyat gücün az olması hər hansı bir səbəbdən tələbin kəskin artması halında sistemin dayanıqlılığını zəiflədir.

 

Statistik göstəricilərin təhlilindən aydın olur ki, bu sahəyə kapital qoyuluşlarının cəmi investisiya qoyuluşlarında xüsusi çəkisi 2006-cı ildə 9,4% olduğu halda, 2015-ci ildə 1,7 faizədək azalıb. 2016 və 2017-ci illərdə isə müvafiq olaraq 2,3% və 5% olub. Təhlillər göstərir ki, ölkənin enerji təminatı sisteminin daha da gücləndirilməsi prioritetdir. Nəzərə alsaq ki, Azərbaycan iqtisadiyyatında növbəti illərdə iqtisadi artım tempinin sürətlənəcəyi proqnozlaşdırılır, paralel olaraq elektrik enerjisinə tələb də artacaq. Başqa sözlə, böyüyən iqtisadiyyatın sabit enerji ilə təmin edilməsi zərurəti bu sahədə yeni çağırışlar formalaşdırır. Bununla yanaşı, “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi” 2020-ci ilədək elektrik enerjisinin təchizatı sahəsində xidmət səviyyəsinin yüksəldilməsi, əlavə istehsal gücünün yaradılması, ixrac imkanlarının artırılması, özəlləşdirmə və bu sahədə dövlət-özəl əməkdaşlığının gücləndirilməsi, investisiya mənbələrinin şaxələndirilməsi yolu ilə kapital qoyuluşlarının artırılması, elektrik enerjisinin ötürülmə və paylanma sisteminin təkmilləşdirilməsi, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə edilməsi kimi konkret öhdəliklər müəyyən edib.

 

Bütün bunlar onu deməyə əsas verir ki, elektrik enerjisi növbəti illərdə iqtisadiyyatın enerji təhlükəsizlik kontekstində prioritet sahələrdən biri olacaq.

 

 

“Azərbaycan” İES-də dayanıqlılıq və etibarlılıq təmin edilir

 

Ötən ilin iyul ayında baş verən qəza nəticəsində enerji sistemin çökməsinə səbəb olan, Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyası istismar müddətini başa vurduğu üçün Ölkə Prezidenti İlham Əliyevin göstərişi ilə ən müasir səviyyədə yenidən qurularaq bərpa edilir. Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan və respublikada elektrik enerjisinə olan tələbatın 43%-ni təmin edən 8 bloklu “Azərbaycan” İstilik Elektrik Stansiyasında bütün parametrlər üzrə tikinti, yenidənqurma və bərpa işləri aparılır. Bu günə qədər tətbiq edilən “Reabilitasiya Proqramı” çərçivəsində “Azərenerji” ASC tərəfindən stansiyanın 6 saylı enerji blokunda kompleks yenidənqurma işləri aparılıb və nəticədə 60 meqavat yük məhdudiyyəti aradan qaldırılıb. Həmçinin 500 kilovoltluq Açıq Paylayıcı Qurğunun II dövrəsinin 7 saylı enerji bloku və 1 saylı əlaqə avtotransformatorunun bütün elementləri yeni avadanlıqlarla əvəzlənərək istismara verilib. Nəticədə 7 saylı enerji blokunun gücü 250 meqavatdan maksimum həddə - 310 meqavata çatdırılıb. Enerji sistemin çökməsi Şirvan şəhərində yerləşən “Cənub” Elektrik Stansiyasındakı 2 ədəd 330 kVluq avtotransformatordan birinin sıradan çıxmasına səbəb olmuşdu. Həmin sıradan çıxan, gərginliyi 330, 220 və 6 kV-a çevirən avtotransformator yerli ATEF Transformator Zavodunda təmir edilərək “Cənub” Elektrik Stansiyasındakı yerinə qurlaşdırılıb. Nəticədə 330 və 220 kV-luq şəbəkənin etibarlılığı artırılıb, həmçinin xüsusi sərfiyyatda gərginliyin səviyyəsi 6 kV-dan 6,3 kV-a qaldırılıb. Bu isə xüsusi sərfiyyat mühərriklərinin işəsalma rejimini yüngülləşdirib və ehtiyat bəsləmə sisteminin etibarlılığını artırıb. “Azərenerji” ASC-nin ötən ilin payızından sonra “Reabilitasiya Proqramı” çərçivəsində həyata keçirdiyi işlər nəticəsində “Cənub” Elektrik Stansiyasının gücü 520 MVt-dan 720 MVt-a qaldırılıb və bununla 200 MVt itirilmiş güc bərpa olunub. Bununla yanaşı, hidrogen istehsal edən eloktroliz, oksigen qurğularında da təmir işləri aparılıb. Hazırda sexlər və laboratoriyaların yerləşəcəyi ofis binası təmir olunur, kimya sexi yenidən qurulur, çənlərin bünövrəsi, yeni çənlərin quraşdırılması və borularda izolyasiya işləri aparılır. Paralel olaraq hidrogen, azot-oksigen və hava kompressorları sexinin yerləşəcəyi binada, stansiyanın girişində mövcud yanğınsöndürmə nasosxanasında təmir işləri görülür, həmçinin yağ təsərrüfatının köçürülməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir. “Azərbaycan” İstilik Elektrik Stansiyasında yeni inzibati bina və idarəetmə mərkəzi tikilir. Stansiya ərazisinin perimetr boyu elektron hasarla əhatəyə alınması və kamera sisteminin qurulması işləri reallaşdırılır. Ölkənin ən böyük 500 kilovoltluq Açıq Paylayıcı Qurğularından biri məhz “Azərbaycan” İstilik Elektrik Stansiyasında yerləşir ki, onun da 2-ci dövrəsində aparılan işlər artıq başa çatıb. Ümumilikdə “Reabilitasiya Proqramı” çərçivəsində “Azərbaycan” İstilik Elektrik Stansiyasında 3 il ərzində turbinlərin, generatorların, rele mühafizə sisteminin, sexlərin, yarımstansiyaların, 500 və 330 kilovoltluq hava xətlərinin, əks-qəza avtomatikasının tamamilə yenidən qurulub bərpa edilməsi nəzərdə tutulub. Bundan başqa, Yuxarı Qarabağ kanalının üzərindən əhali üçün yeni körpü və yol salınması, yeraltı yanğınsöndürmə su boru sistemlərinin bərpa edilməsi istiqamətində işlər görülür. Beləliklə, görüləcək genişmiqyaslı işlərin nəticəsində stansiyanın gücü 380 meqavat artırılaraq 2000 meqavata çatacaq, ən əsası isə “Azərbaycan” İstilik Elektrik Stansiyasında dayanıqlılıq və etibarlılıq təmin ediləcək.

 

 

Azərbaycanın enerji təminatında yeni mərhələ

 

Prezident İlham Əliyevin elektroenergetikada sahəsinə yönəlik strategiyasına uyğun olaraq, Azərbaycan dövləti elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib və uzun müddətdir ki, qonşu Rusiya, Gürcüstan, İran və Türkiyəyəelektrik enerjisi ixrac edir. Artıq may ayının 1-dən “Azərenerji” ASC Gürcüstan və Türkyədən tranzit etməklə Yunanıstana, eyni zamanda analoji olaraq Gürcüstan, Türkiyə və Bolqarıstandan tranzit keçməklə Rumuniya və Macarıstana da elektrik enerjisinin ixracına başlayıb.

 

“Azərenerji” ASC-dən Modern.az-a verilən məlumata görə, 2019-cu ilin arxada qalan birinci rübü ərzində 6.151 milyard kVts elektrik enerjisi istehsal edilib. Bu isə ötən ilin birinci rübü ilə müqayisədə 153 milyon kVts və ya 2,5 % çoxdur. Belə ki, ötən ilin birinci rübündə 5.998 milyard kVts elektrik enerjisi istehsal edilmişdi. Bundan əlavə, elektrik enerjisinin ixracı da ötən ilin mart ayı ilə müqayisədə artırılıb. Əgər 2018-ci ilin mart ayında qonşu ölkələrə 131 milyon kVts elektrik enerjisi ixrac edilmişdisə, 2019-cu ilin mart ayında 161 milyon kVts ixrac edilib. Bu isə 30 milyon kVts və ya 23 % artım deməkdir. 2018-ci ilin birinci rübü ilə müqayisədə 2019-cu ilin birinci rübündə elektrik enerjisinin istehlakı 3,41 faiz artıb. Ən əsası isə ötən ilin mart ayı ilə müqayisədə bu ilin mart ayında istehlak 6,1 % çox olub ki, bu da kifayət qədər ciddi artım olmaqla yanaşı, elektrik enerjisinə artan təlabat tempinin getdikcə yüksəldiyini göstərir.

 

“Azərenerji” ASC enerjiyə artan tələbi nəzərə alaraq, paytaxtın elektrik enerjisi təchizatının etibarlılığını və dayanıqlılığını daha da gücləndirmək məqsədi ilə Şirvan şəhərində yerləşən “Cənub” Elektrik Stansiyasından “Xırdalan” yarımstansiyasına 220 kV-luq yüksək gərginlikli yeni elektrik verilişi xətti çəkir. Qeyd edək ki, “Azərenerji” ASC-nin ötən ilin payızından sonra “Reabilitasiya Proqramı” çərçivəsində “Cənub” Elektrik Stansiyasının qazanlarında, turbinlərində və başqa avadanlıqlarda həyata keçirdiyi təmir sazlama işlər nəticəsində stansiyanın gücü 520 MVt-dan 720 MVt-ya qaldırılıb və bununla da 200 MVt itirilmiş güc bərpa olunub.

 

Yeni xəttin çəkilməsi enerji sistemin etibarlılığını artırmaqla yanaşı, həm də şəhərə daxil olan hansısa yüksəkgərginlikli hava xəttində problem yaranarsa, yükün bir xətdən başqa xəttin üstünə keçirilməsinə imkan yarada biləcək. Yeni xətt istifadəyə verildikdən sonra digər yüksəkgərginlikli xətləri açıb onların üzərində təmir-bərpa işləri aparmaq asanlaşacaq. Şirvandan Xırdalana 108 km məsafədə çəkilən 220 kV-luq yüksəkgərginlikli elektrik verilişi xətti üzrə 367 anker dayaqdan 365-i quraşdırılıb və 14 km istisna olmaqla naqillər asılıb. Yaxın günlərdə işlər tam yekunlaşacaq və yeni xətt istismara veriləcək.

Yazı “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı