Xəbər verildiyi kimi, Milli Məclisin deputatı Azər Kərimli Baltik Assambleyası Şərq Tərəfdaşlığı üzrə konfransında iştirak etmək üçün Litvanın paytaxtı Vilnüsdə səfərdədir.
Modern.az-ın məlumatına görə, konfransda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar çıxış edən deputatımız Ermənistanın işğalçılıq və azərbaycanlılara qarşı etnik təmizləmə siyasətindən danışıb, torpaqlarımızın 20 faizinin bədnam qonşularımız tərəfindən zəbt olunduğunu, 1 milyondan çox vətəndaşımızın qaçqın və məcburi köçkün həyatı sürməyə məhkum olduğunu diqqətə çatdırıb.
Bildirib ki, problemin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. “Ermənistan münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinə məhəl qoymur. Biz problemin ölkələrin ərazi bütövlüyü prinsipi əsasında, beynəlxalq hüquq normalarına uyğun həllinə tərəfdarıq”.
Tədbirdə erməni nümayəndəsi çıxış edərək, münaqişənin Azərbaycan, Dağlıq Qarabağ və Ermənistan xalqlarının iradəsi ilə həll olunmasının vacibliyini vurğulayıb. Buna cavab olaraq Azər Kərimli söz alaraq bildirib ki, “Dağlıq Qarabağ xalqı” adlı məfhum yoxdur.
“Dağlıq Qarabağın Azərbaycan və erməni icmaları var. ATƏT-in Minsk qrupu çərçivəsində bu məsələ ilə əlaqədar biz təşəbbüs irəli sürsək də, erməni tərəfi təklifi qəbul etmədi. Bu problem beynəlxalq müstəvidə öz ədalətli həllini tapmalıdır. “Dağlıq Qarabağ xalqından” söhbət gedə bilməz. Orada yaşayan Azərbaycan və erməni əhalisidir”.
Ermənistanlı deputat öz çıxışında Bakıda keçirilən “Arsenal” – “Çelsi” oyununda futbolçu Mxitaryanın iştirak etməməsi məsələsinə də toxunub. Deputat Azər Kərimli bu məsələ ilə əlaqədar bildirib ki, erməni əsilli oyunçunun təhlükəsizliyinə Bakıda ən yüksək səviyyədə təminat verilmişdi:
“Bu gün Azərbaycanda minlərlə erməni əsilli Azərbaycan vətəndaşı yaşayır. Onlar digər ölkə vətəndaşları kimi Konstitusiyada verilən bütün hüquqlardan istifadə edirlər. Ermənistan özü monoetnik bir dövlətdir. Azərbaycanda isə müxtəlif xalqların nümayəndələri yaşayır və normal fəaliyyət göstərirlər”.
İdman yarışlarına gəldikdə isə deputatımız bir daha vurğulayıb ki, Azərbaycan müxtəlif səviyyəli beynəlxalq tədbirlərə, o cümlədən idman yarışlarına ev sahibliyi edir. Bu tədbirlərdə dünyanın ayrı-ayrı ölkələrindən erməni əsilli insanlar da iştirak edirlər. Digərləri kimi onların da təhlükəsizliyi yüksək səviyyədə təmin olunur.
Deputatın Litvaya səfəri iyunun 1-də başa çatır.