“Bu gün biz ikitərəfli əlaqələrimizi nəzərdən keçirdik. Ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, mədəni və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. İnanıram ki, səfəriniz zamanı apardığımız danışıqlar, əldə olunan razılaşmalar və imzalanan sənədlər əlaqələrimizin daha da genişlənməsinə öz töhfəsini verəcəkdir”.
Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşa Respublikasının Prezidenti Andjey Dudanın şərəfinə verilən rəsmi ziyafət mərasimində bildirib.
Xalqlarımız arasında əlaqələrin tarixi köklərinin olduğunu vurğulayan Prezident İlham Əliyev vaxtilə Azərbaycanda məskunlaşmış polşalıların ölkəmizin ictimai-siyasi və iqtisadi həyatında fəal rol oynadıqlarını bildirib.
Tarixi münasibətlərimizin müasir dövrdə də əməkdaşlığımızın inkişafı üçün möhkəm təməl yaratdığını deyən dövlətimizin başçısı bir çox sahələrdə uğurlu qarşılıqlı əlaqələrin həyata keçirildiyini vurğulayaraq bildirib:
“Ölkələrimiz arasında Şərq-Qərb və Şimal-Cənub dəhlizləri çərçivəsində nəqliyyat sahəsində əməkdaşlıq üçün geniş imkanlar var. Azərbaycan regionda təhlükəsizliyin, inkişafın və əməkdaşlığın tərəfdarıdır”.
Prezident İlham Əliyev bildirib ki, regionun ən ağrılı problemi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamış qalır: “Dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, ədalətli həllinin tərəfdarıdır”.
Prezident İlham Əliyev Polşa tərəfinə münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyinə görə minnətdarlığımı bildirib