“Bugünkü görüşümüz ölkələrimiz və xalqlarımız arasındakı yaxşı münasibətlərin ən bariz təsdiqidir. Baxmayaraq ki, Bakı və Varşavanı 3000 kilometrdən çox məsafə ayırır, amma paytaxtınız hər bir polşalı üçün yaxın bir şəhərdir”.
Modern.az xəbər verir ki, bunu Polşa Respublikasının Prezidenti Andjey Duda onun şərəfinə Prezident İlham Əliyevin adından verilən rəsmi ziyafət mərasimində çıxışında bildirib.
Polşa Prezidenti Polşalı Stefan Jeromskinin “Erkən bahar” əsərinin xalqlarımızı daha da yaxınlaşdırdığını vurğulayıb.
Andjey Duda Polşa memarlarının xatirəsinə lövhə açılması, xüsusi poçt markasının buraxılması və Bakının mərkəzi küçələrindən birinin “Polşa memarları” adlandırılmasını onların xatirəsinin yüksək səviyyədə anılması kimi dəyərləndirdi və buna görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdib: “Əlaqələrimizin əsasında hər iki xalqı birləşdirən gözəl bir keçmiş var. İndiki zamana gəlincə isə, deyə bilərəm ki, əlaqələrin gələcəyinə əminəm. Müasir Azərbaycan Polşa tərəfindən regionda iqtisadi lider və Asiya ilə Avropanı birləşdirən körpünün qurulmasında əsas rol oynayan ölkə kimi qəbul edilir”.
Avropa İttifaqı ilə əməkdaşlığa toxunan Polşa Prezidenti qeyd etdi ki, “Şərq tərəfdaşlığı” proqramı Avropa İttifaqı ilə əlaqələrin daha da möhkəmləndirilməsi üçün yaxşı platformadır. Andjey Duda bir daha əminliklə bəyan etdi ki, Polşa hər zaman ərazi bütövlüyü beynəlxalq hüquqla təmin olunan suveren Azərbaycanın tərəfində olacaq.