Əksəriyyətimiz avtobus nəqliyyatından istifadə edirik. Təbii olaraq isti günlərdə avtobuslarda kondisionerlərin az işlədilməsi problemləri ilə də tez-tez rastlaşırıq. Maraqlıdır görəsən sürücülər niyə vətəndaşların etirazlarından sonra onları işlətməyə başlayırlar?Yoxsa onlardan tez-tez istifadə olunmasına görə əlavə pul alınır?
Nəqliyyat eksperti Ərşad Hüseynov Modern.az-a deyib ki, kondisionerlərin işləməsi zamanı sürücülərdən əlavə pul alınmır.
“Bu, ehtiyaca uyğun istifadə olunmalıdır. Sürücünün mülahizəsinə buraxılmamalıdır. Bu nəqliyyat vasitələrində kondisonerin texniki vəziyyəti və işləyən zaman artıq yanacaq işlətməsinə görə sürücüyə əlavə xərc nəzərdə tutulmur. Bu xərcləri dövlət ödəyir. Sürücülərə tapşırıq verilməlidir ki, ehtiyac olan vaxt dərhal kondisoneri işə salsınlar”.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə bildirib ki, kondisionerlər sərnişinlərin rahatlığı üçündür.
“Sürücülərə tapşırıq verilib ki, isti havalarda kondisionerlər daim istifadə olunsun. Ola bilər ki, bəzi avtobuslarda istifadəsində problem olsun, amma bunlar da qısa zamanda aradan qaldırılır”.
Novruz NOVRUZLU