Milli Məclisin deputatı Çingiz Qənizadə 80 saylı İmişli- Beyləqan seçki dairəsinə daxil olan İmişli rayonunun Bəcrəvan-Ağcuyur kəndlərində seçiciləri ilə görüş keçirib.
Modern.az xəbər verir ki, deputatla görüş zamanı kənd sakinləri bəzi problemləri dilə gətiriblər.
Belə ki, kənddə modul sutəmizləyici qurğu olsa da bu əsas yola qoyulub. Kəndin ara küçələrində isə yoxdur. Ona görə də kənd sakinləri sutəmizləyici qurğudan çıxan suyun həm də ara küçələrə çəkilməsinə köməklik göstərilməsini xahiş ediblər
Digər xahiş kəndə verilən qaz xətti ilə bağlıdır. Öncə sakinlər kəndə verilən qaza görə ölkə rəhbərliyinə təşəkkür ediblər. Ardınca qaz xəttinin bu günə kimi məktəbə birləşdirilmədiyini söyləyiblər. Kənd sakinləri həm Təhsil Nazirliyinə, həm də Azəriqaz İstehsalat Birliyinə qaz xətinin məktəbə birləşdirilməsi ilə bağlı deputatdan xahiş ediblər.
Çingiz Qənizadə ilə görüş zamanı sakinlər məktəblə bağlı digər problemləri də söyləyiblər. Sakinlərin sözlərinə görə, məktəbin avadanlıqları çatışmır. Bu səbəbdən də deputatdan Təhsil Nazirliyinə müraciət edilməsini xahiş edərək adıçəkilən nazirliyin məktəbin problemləri ilə yaxından tanış olmalarını rica ediblər.
Eyni zamanda, əkin sahələrini suvarmaq üçün su nasoslarının qoyulması ilə bağlı məsələ də parlamentarinin diqqətinə çatdırılıb. Qeyd olunub ki, Su və Meliorasiya Təsərrüfatının işçiləri məsələdən məlumatlı olsalar da problem həllini tapmayıb. Deputatdan su nasoslarının tezliklə həll edilməsi üçün Su və Meliorasiya Təsərrüfatı Səhmdar Cəmiyyətinə xahiş edilməsini bildiriblər
Kənd sakinləri digər bir problemin də həll edilməsini xahiş edib. Belə ki, vaxtilə Kür və Araz çayları daşarkən suyun məcrası dəyişdirilib. 200 hektardan çox torpaq Araz çayının digər hissəsində qalıb. Suyun məcrası dəyişəndən sonra həmin ərazilərdən istifadə etmək olmur. 3127 nəfər əhalisi olan kənd 200 hektar torpaqdan istifadə edə bilmir. Bundan ötrü müəyyən köməkliklərin olunması üçün müxtəlif qurumlara müraciət etsələr də, Çingiz Qənizadədən də köməklik edilməsini xahiş ediblər
Parlament üzvü, görüş zamanı ölkədəki ictimai-siyasi durum, cənab prezidentin son aylarda atdığı addımlar, Dağlıq Qarabağ məsələsi barədə fikir mübadiləsi aparıb.
Çingiz Qənizadə kənd sakinlərinin kəndlərlə bağlı ümumi problemlərini dinlədikdən sonra hər bir müraciətlə bağlı aidiyyatı qurumlara məlumat verəcəyini bildirib və sakinləri fərdi qaydada qəbul edərək şikayətlərini qeyd edib.
Sonda deputat hər bir şikayəti araşdıracağına, maksimum imkanı daxilində kömək edəcəyinə söz verib.