5 iyun 2019-cu il tarixində Parisdə YUNESKO-nun Baş qərargahında Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında Konvensiyanın Tərəflərinin Konfransının 7-ci Sessiyası işinə başlayıb.
Modern.az xəbər verir ki,açılışda konfransın sədri (Burkina-Faso), 4 sədr müavinləri (Almaniya, Serbiya, Salvador, Fələstin) və məruzəçi (Kamboca) seçilmişdir.
Azərbaycan Respublikasının nümayəndə heyətinin rəhbəri mədəniyyət nazirinin müavini xanım Sevda Məmmədəliyeva Konvensiyanın tətbiqi üzrə ümumi debatlarda birinci çıxış edib, YUNESKO-nun dünyada sülhün təşviqində rolu məsələsinə toxunmuş, multikulturalizm mərkəzi olan Azərbaycanın mədəni özünüifadə müxtəlifliyi sahəsində uğurla gördüyü işlər barədə danışıb. 1992-ci ildən YUNESKO-nun üzvü olan Azərbaycanın təşkilatın fəaliyyət dairəsinə aid olan bütün sahələrdə geniş əməkdaşlıq əlaqələrini qurduğuna toxunan xanım Məmmədəliyeva müxtəlif mədəniyyətlərin və dinlərin sülh içində birgəyaşayışını və harmoniyanı formalaşdıran Azərbaycan modelindən söz açıb. O, ölkəmizdə əsrlərlə yaşayan 15-dən çox etnik qrupun nümayəndələrinin mədəni dəyərləri yaratmaq və istifadə etmək hüququnun Konstitusiya ilə təmin olunduğunu xüsusi vurğulamış, Azərbaycanın sosial həmrəyliyə töhfə verən əsas faktorlardan biri olan “fəqlilikdə birlik” ideyasının tətbiq edilməsinin unikal nümunəsi olduğunu söyləyib.
Bundan əlavə, o çıxışında ölkədə fəaliyyət göstərən həm katolik həm də pravoslav kilsələrdən, sinaqoqlardan, müxtəlif etnik azlıqların dilində tamaşalar qoyan teatrlardan, televiziyada yayımlanan verilişlərdən, keçirilən mədəni tədbirlərdən məlumat verib. Həmçinin 2013-cü ildə Azərbaycan və YUNESKO arasında imzalanmış əməkdaşlıq haqqında Çərçivə Sazişini qeyd edən nazir müavini, Azərbaycan-YUNESKO Etimad Fondu tərəfindən Afrikada təhsil, mədəniyyətlərarası dialoq, elm, innovasiya sahələrində həyata keçirilən layihələr haqqında danışıb.
Mədəniyyət Nazirinin müavini xanım S.Məmmədəliyeva sessiya çərçivəsində Banqladeş və Burkina Fasonun Mədəniyyət Nazirləri ilə görüşmüş, ölkələr arasında mədəni əməkdaşlıq məsələlərini müzakirə edib. Bununla yanaşı, nümayəndə heyətimizin rəhbəri italiyalı ekspert Pietro Laureano ilə mədəni irsin qorunması sahəsində fikir mübadiləsi aparıb.
İyunun 7-ə kimi davam edəcək sessiya çərçivəsində mədəni sahibkarlığın gücləndirilməsi, sənət adamlarının statusuna yenidən baxılma, ticarət axınlarının balanslaşdırılması kimi mövzular ətrafında müzakirələr aparılacaq. Sessiyanın sonuncu günündə isə 2019 – 2023-cü illər üçün Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında Konvensiyanın Hökumətlərarası Komitəsinə seçkilər keçiriləcək. Şərqi Avropa qrupundan Azərbaycan da öz namizədliyini bu Komitəyə irəli sürmüşdür.