Azərbaycan Dəmir Yolları (ADY) bu gün saat 12:45-də Qala-Binə mənzilinin 30-cu kilometrində yerləşən qorunmayan dəmir yolu keçidində baş verən yol-nəqliyyat hadisəsilə bağlı məlumat yayıb.
Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, İnfrastruktur Departamentinin 4 saylı yol sahəsinə məxsus drezin qorunmayan dəmir yolu keçidində hərəkətdə ikən, keçidi keçməyə cəhd göstərən Pirallahı qəsəbəsinin sakini Rəşad Cəlil oğlu Əliyevin idarə etdiyi “Mersedes” markalı” avtomaşın drezinlə toqquşub:
“Hadisə nəticəsində avtomobildə olan 3 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıb.
Hadisənin baş verməsinə səbəb avtomobilin sürücüsü tərəfindən Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında Qanunu”nun 44-cü maddəsinin tələblərinin pozulması olub”.
Faktla bağlı araşdırma aparılır.