Korrupsiya cinayətlərinə qarşı mübarizənin tam yeni müstəviyə qaldırılması prokurorluq orqanlarının qarşısında duran ən əsas vəzifələrdən biridir. Prezident cənab İlham Əliyevin siyasi iradə, əzm və qətiyyəti hesabına reallaşdırılan dövlətçilik siyasətinin məntiqi nəticəsi olaraq ötən dövrlərdə olduğu kimi 2019-cu ilin birinci yarısında da korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri uğurla davam etdirilib.
Qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iyulun 31-də Baş Prokurorluqda prokurorluq orqanları tərəfindən 2019-cu ilin birinci yarımilində “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bölgə müşavirələrində aparılmış müzakirələrin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsində bildirilib.
Müşavirə zamanı qeyd edilib ki, Baş idarə tərəfindən vətəndaşları ciddi narahat edən korrupsiya cinayətlərinin və hüquqpozmalarının yayıldığı idarəçilik və xidmət sahələrinin aşkar edilməsi, təqsirli şəxslərin ifşa edilməsi, korrupsiya hüquqpozmalarından əziyyət çəkən vətəndaşların hüquqlarının bərpa edilməsi məqsədi ilə vətəndaşlardan “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlər üzrə təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilib:
“Belə ki, mərkəzə hesabat dövründə 1986 müraciət daxil olub, həmin müraciətlərin 9-u üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmış, eləcə də digər müraciətlər üzrə qanunvericiliyə müvafiq tədbirlərin görülməsi təmin edilib.
Dövr ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin məntiqi nəticəsi olaraq ölkəmizin Birləşmiş Millətlər Təşkilatı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO) və MONEYVAL Komitəsi, eləcə də digər beynəlxalq təşkilatlarla əməkdaşlığı uğurla davam etdirilib”.
Həmçinin bildirilib ki, cari il OECD tərəfindən Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsinin İstanbul Anti-Korrupsiya Fəaliyyət Planı çərçivəsində ölkəmizə ünvanlanmış tövsiyələrin böyük əksəriyyəti icra edilmiş və bu monitorinq mexanizmi çərçivəsində IV Monitorinq Raundu uğurla başa çatdırılıb:
“Bundan başqa, GRECO tərəfindən ölkəmizin IV raundu dəyərləndirilməsi üzrə Uyğunluq Hesabatı qəbul olunub, ünvanlanan 21 tövsiyədən 18-i uğurla icra edilib”.