Bakıda müşahidə edilən güclü külək nəticəsində iyunun 5-i bu saatadək 35 müraciət daxil olub.
Bunu Modern.az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.
O.Məmmədov bildirib ki, müraciətlərdə ağacların kökündən qopması, budaqların sınması faktları qeydə alınıb:
“Təəssüf ki, hazırda paytaxtda əsən külək yaşıllığa ziyan vurur. Bunları nəzərə alaraq, fəsadların aradan qaldırılması üçün bütün şəxsi heyət gücləndirilmiş iş rejimində çalışır”.
Rəis qeyd edib ki, müraciətlər daha çox Nəsimi, Nərimanov, Yasamal rayonlarının ərazisindəndir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin avqustun 2-də yaydığı məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 5-i səhərdən 8-dək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 05-də yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir.
Nazirlik küləkli hava şəraiti ilə əlaqədar əhalini açıq havada olarkən bu faktoru nəzərə almaqlarını tövsiyə edir.