Polşada yaşayan azərbaycanlı diaspor nümayəndəsi Cavid Zeynalov dünəndən sosial şəbəkələrin qəhrəmanına çevrilib. Hazırda Bakıda qonaq olan C.Zeynalov sentyabrın 2-də axşam saat 22:00 radələrində bulvarda olarkən naməlum şəxsin intihar məqsədilə özünü dənizə atdığını görüb və dərhal onu xilas etmək üçün suya tullanıb.
Bu barədə Modern.az-a danışan C.Zeynalov işi ilə əlaqədar Bakıda olduğunu diqqətə çatdırıb:
“Dünən yoldaşlarla bulvarda oturmuşduq. Siqnal səsləri gəldi, çox sayda insanın və polislərin beton platformanın ətrafına toplaşdığını gördük. Ətrafdakılar da şəkil, video çəkirdilər. İki gün imiş ki, polis ora girişi bağlayıbmış. Çünki bu cür hadisə daha əvvəl də yaşanıbmış. Düşünmədən ayaqqabılarımı çıxarıb özümü dənizə atdım. Bulvar tərəfdən təxminən 50 metr üzdüm. 1979-cu il təvəllüdlü kişini sinəsindən tutub çəkdim. Quruya çıxarmaq istədim, amma taqətim qalmamışdı”.
C.Zeynalov xilasedicilərin gec gələcəyi təqdirdə özünün də həyatının təhlükəyə düşəcəyini vurğulayıb:
“Əslində uşaqlıqda yaxşı üzürdüm. Bir az yaşla, bir az da çəki ilə əlaqədar taqətim azalıb. Dediyim kimi, taqətim azalmışdı. Bir az gec gəlsəydilər, yəqin mən batmışdım. Xilasedicilər gələnədək mən onun başını yuxarıda saxlamağa çalışdım. Xilasedicilər kəndir atdılar, şəxsi xilasedici qurğuya keçirtdim və quruya çıxartdılar”.
Hadisədən sonra əynini dəyişmək üçün evə yollandığını deyən diaspor nümayəndəsi bildirib ki, xilas etmək istədiyi şəxs quruya çıxarılandan sonra ölüb:
“Evdə olarkən bir nəfər sosial şəbəkə üzərindən mənə həmin şəxsin öldüyünü yazdı. Təəssüf etdim, amma mən əlimdən gələni etdim. Xilasedicilərə təhvil verəndə hələ də xırıldayırdı. Görünür qisməti beləymiş”.
Diaspor nümayəndəsi 15 gündən sonra Varşavaya qayıdacağını qeyd edib.