Modern.az

Messi adını La Liqanın tarixinə bu dəfə belə yazdırdı + FOTO

Messi adını La Liqanın tarixinə bu dəfə belə yazdırdı + FOTO

Aktual

7 Oktyabr 2019, 09:49

Ötən gecə İspaniya La Liqasının səkkizinci turunda “Barselona”-“Sevilya” matçı baş tutub.

Modern.az xəbər verir ki, “Kamp Nou”da keçirilən qarşılaşma katalonların böyük hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın 27-ci dəqiqəsində uruqvaylı forvard Luis Suarezin möhtəşəm qolu ilə “Barsa” irəli keçib. Cəmi 5 dəqiqə sonra Arturun ötürməsini Arturo Vidal qola çevirib. 3 dəqiqə sonra Arturun növbəti ötürməsini bu dəfə Ousman Dembele qolla tamamlayıb.

Oyunun ikinci hissəsində “Barselona”nın kapitanı Lionel Messi cərimə zərbəsini dəqiq yerinə yetirərək komandasının 4-cü qolunu qapıdan keçirib. Bu, Messinin mövsümdə vurduğu ilk qol olub.

Argentinalı ulduz bununla da La Liqada 21-ci əsrdə 16 mövsümdür ard-arda qol vuran tək futbolçu adına da yiyələnib. Bu qol həmçinin Messinin bütün turnirlərdə “Barsa” ilə cərimə meydançasının kənarından vurduğu 100-cü (43-ü cərimə zərbəsindən) qol kimi futbol tarixinə düşdü.

Qeyd edək ki, “Sevilya” üzərində 4-0 hesabı ilə qələbə ilə “Barselona” turnir cədvəlində 16 xalla ikinci yerdə qərarlaşıb. La Liqaya 18 xalla “Real Madird” başçılıq edir. 

T.İSMAYIL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!