Millət vəkili Qənirə Paşayeva Özbəkistan Baş nazirin müavini, Qadın Komitəsinin sədri Elmira Basitxanova və bu ölkənin fəal qadınları ilə görüşüb.
Modern.az xəbər verir ki, Elmira Basitxanova Q.Paşayevanı salamlayaraq qardaş Azərbaycanla əməkdaşlığın getdikcə artmasında çox maraqlı olduqlarını bildirib.
Baş nazirin müavini deyib ki, iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsində Özbəkistan və Azərbaycan qadınları çox fəal olacaqlar. O, Q.Paşayevanın beynəlxalq tədbirlərdə Özbəkistanla bağlı mövqeyini və iki qardaş ölkə arasında münasibətlərin daha da inkişafına xidmət edən çalışmalarını xüsusi vurğulayıb.
Qənirə Paşayeva Azərbaycan-Özbəkistan qardaşlığı, dostluğunun keçmişi, by günü və gələcək prespektivləri, ölkəmizin tarixi, mədəniyyəti, iqtisadi inkişafı haqqında məlumat verib. O, Azərbaycan həqiqətləri, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi faktı barədə ətraflı məlumatlar verib. Millət vəkili deyib ki, bu məsələdə Özbəkistanın Azərbaycanın yanında olub və bu mövqeyə görə Özbəkistanın rəhbərliyinə minnətdarlıq edib:
“İnanırıq ki, bundan sonra da qardaş Özbəkistan hər zaman Azərbaycanın yanında olacaq və Qarabağ məsələsində Azərbaycana dəstəyini daha da artıracaq. Azərbaycan da hər zaman qardaş Özbəkistanın yanındadır”.
Q.Paşayeva Özbəkistan Baş nazirin müavinini və bu ölkənin fəal qadınlarını ölkəmizə dəvət edib.
Görüşün sonunda Elmira Basitxanova Q.Paşayevaya təşəkkürnamə təqdim edib.
Qənirə Paşayeva isə Elmira Basitxanova və bu ölkənin fəal qadınlarına Azərbaycan tarixi və mədəniyyətinə dair materiallar təqdim edib.