Tanınmış tarixçi-alim, professor Eldar İsmayılovun 2015-ci ildə Moskvanın “Rospen” nəşriyyatında nəşr olunmuş “История большого террора в Азербайджане” adlı son monoqrafiyası Azərbaycan dilində də çap edilib.
Modern.az xəbər verir ki, bu, Eldar İsmayılovun Azərbaycan dilində ilk kitabıdır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəşriyyatında çap olunan kitabın tərcüməçisi tarix elmləri doktoru Şəlalə Məmmədovadır.
Kitab sovet tarixinin ən dramatik dövrünə, Azərbaycan Sovet Respublikasında 1936-1938-ci illərdə baş vermiş Stalin repressiyalarına həsr olunub. Hələlik nə vətən, nə də dünya tarixşünaslığında regionlarda stalinizmin tarixinə həsr olunmuş dərin elmi tədqiqat işi yazılmayıb. Bu mənada təqdim olunan əsər mövcud olan boşluğu doldurur. Alim respublika və Rusiya arxivlərindən əldə etdiyi çoxsaylı sənədlərin təhlili əsasında Stalin repressiyalarını dərindən təhlil edir, Azərbaycan şəraitində onların xüsusiyyətlərini müəyyənləşdirir.
Müəllif baş verən proseslərə haqq qazandırmamaqla obyektiv və maraqlı tədqiqat işi yarada bilib. Müəllifin fikrincə, repressiyalar millətçilərin dedikləri kimi, anti-Azərbaycan xarakteri daşımamış, “böyük terror” millətindən və dinindən asılı olmayaraq, bütövlükdə sovet xalqının hər bir üzvünə təsir göstərmişdi.
Eldar İsmayılov “böyük terror”u böyük faciə adlandırıb: “Vaxtilə vahid dövlətin tərkibində yaşayan çoxsaylı xalqların mərkəzi hakimiyyətə olan inamının qırılmasında əhəmiyyətli rol oynamışdı”.
Eldar İsmayılovun “Властъ и народ”, “Азербайджан оттепелъ, 1953-1956” əsərlərinin də Azərbaycan dilində buxarılacağı bildirilib.