Modern.az

“Biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik”

“Biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik”

Aktual

24 Oktyabr 2019, 12:48

Əkbər QOŞALI

 
“İslahatlara alternativ yoxdur. Mən yeni iqtisadi model haqqında öz andiçmə mərasimimdə fikirlərimi ifadə etmişəm. Əsas konturlar o vaxt müəyyən olunub. Ondan sonra aparılan islahatlar, o cümlədən kadr islahatları bu məqsədi güdür. Kadr islahatları labüddür, bu, qaçılmazdır. Çünki mən bunu demişəm, biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Əlbəttə, yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olmalıdırlar, hər hansı bir xarici təsirdən azad olmalıdırlar və vətənpərvər olmalıdırlar ki, Vətənin inkişafı üçün öz səylərini göstərə bilsinlər.”
 
İlham ƏLİYEV, Azərbaycan Prezidenti

 


İctimai-siyasi həyatımızın son bir neçə günü Azərbaycan Prezidentinin həyata keçirdiyi struktur və kadr islahatlarına dair Sərəncamlarla əlamətdardır. Bəri başdan qeyd edək ki, Prezidentin yeni Sərəncamları dayanıqlı iqtisadi inkişafın, respublikada şəffaflığın, o cümlədən əlverişli biznes mühitinin təmin edilməsi, habelə inkişafı əngəlləyən neqativ halların aradan qaldırılması baxımından ciddi, məqsədyönlü xarakter daşıyır. – Prezidentin yeni strukturlu İqtisadiyyat Nazirliyinə rəhbər təyin etdiyi Mikayıl Cabbarovu (eləcə də, Baş nazirin yeni müavini Şahin Mustafayevi) qəbul edərkən verdiyi tapşırıq, tövsiyyə və durum dəyərləndirmələrində bu məqsədyönlülüyü, xarakteri bütün ciddiyyəti və aydınlığı ilə görürük. Bir daha görürük ki, dövlətimizin başçısı bütün əməli fəaliyyət sahələrində, konkret halda, iqtisadi blokda əldə edilmiş uğurları, mövcud problemləri, qarşıda duran məsələləri    ( -hansı zaman zərfində hansı məsafənin qət ediləcəyini və əldə edilməli olan nəticələri) dəqiq qiymətləndirir. Prezidentin malik olduğu hərtərəfli informasiya bazası bir tərəfdən, digər tərəfdən xalqın parlaq gələcəyinə dair istək, əzm və qətiyyəti bir müstəvi üzərində maddiləşincə, onun alovlu vətənpərvərliyi bütün mahiyyət dərinliyi, üfüq genişliyi ilə təcalla edir.


Bu il Vergilər Nazirliyi plandan əlavə 350 milyon manatdan çox vəsait toplayıb. Bu, şəffaflığın təzahürüdür. Təbii ki, bu vəsait bizə bu il çox geniş və ciddi sosial paket icra etmək imkanı verdi. Deyə bilərəm ki, bu sosial təşəbbüsün analoqu bu günə qədər olmamışdır. Dörd milyon iki yüz min insan bu sosial təşəbbüsdən faydalanıb, minimum əməkhaqqı təxminən iki dəfə, minimum pensiya 70 faizdən çox artırılıb. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə biz MDB məkanında birinci yerdəyik, amma orta pensiyanın səviyyəsinə görə üçüncü yerdəyik. Yəni, bu, doğrudan da çox böyük sosial təşəbbüsdür. Əlbəttə, əgər bizim maliyyə imkanlarımız olmasaydı, biz bunu edə bilməzdik.” – köhnə Vergilər, yeni İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən belə dedi cənab prezident.


Mikayıl Cabbarovu NAYORA-da təmsil olunduğu vaxtlardan tanıyıram. Hələ gənckən öz intellekti, çevik qərar qəbuletmə imkanları ilə seçilirdi. Mən Gənclər-İdman Nazirliyində işlədiyim dövrdə də, onun gənclər sektorunda özünəməxsus, necə deyərlər, “populyarlıqdan uzaq dura-dura populyar” vaxtlarıydı; xatırladığım qədər, sonralar o təhsil almaqçün xaricə getdi, ardınca dövlət qulluğunda müxtəlif vəzifələr daşıdı. Və diqqəti də məhz bu müxtəliflik məqamına yönəltmək istərdim. Məncə, cənab Prezident gənclər hərəkatından çıxmış müxtəlif kadrları irəli çəkərkən, onların fərqli sahələrdə özlərini doğrultmaları amilini də nəzərə alır. Azay Quliyev, Fuad Muradov, Mikayıl Cabbarov və başqaları, necə deyərlər, çoxfunksiyalı fəaliyyət özkeçmişlərini gənclər hərəkatından başlatmış, sonra addım-addım, etimad qazana-qazana (o etimadı doğruldaraq), daha yüksək məsuliyyətə dəvət olunmuşlar. Budur, Mikayıl Cabbarovun başçılıq edəcəyi yeni dövlət qurumu keçmiş Vergilər, keçmiş Əmlak məsələləri Dövlət Komitəsinin də yetkilərini özündə birləşdirəcək çox mühüm mərkəzi icra hakimiyyəti orqanı olacaq. Bu məsuliyyətli vəzifənin (ən azı məsuliyyəti qədər olan) şərəfini etiraf edən yeni nazirin, prezidentə verdiyi sözlər də təsirli, inandırıcı idi.


Təsadüfi deyil ki, cənab prezidentin düşünülmüş, məqsədyönlü (əlbəttə, konkret halda sosialyönümlü) struktur və kadr dəyişikliklərini media artıq inqilabi (örnəyi, “Böyük oktyabr inqilabı” – “YeniMüsavat”) adlandırmaqdadır. Bu addımların bir adı da xalqcanlılıq, yanarürəklilikdir, deyərdim.  İnqilabi mahiyyətə gəldikdə, məncə prezidentin məhz bu cümlələri mənzərini daha aydın ifadə edir:

 

Azərbaycan iqtisadiyyatının bundan sonra qeyri-neft sektoru hesabına inkişafı bizim əsas prioritetimizdir. Hələ ulu öndər Heydər Əliyev vaxtilə demişdir ki, iqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir. Bu, tam həqiqətdir və bu gün bizim siyasi müstəqilliyimizin təməlində iqtisadi müstəqillik dayanır. Mən bunu öz çıxışlarımda dəfələrlə demişəm. Əgər bizim iqtisadiyyatımız kənar dairələrdən asılı olsaydı, biz uğurlu siyasi kurs icra edə bilməzdik. Bizim siyasi müstəqilliyimizin, o cümlədən xarici siyasətdə apardığımız prinsipial mövqeyin əsas baza prinsipi iqtisadi müstəqilliyimizdir. Mən Prezident kimi ilk illərdən iqtisadi müstəqilliyə nail olmaq üçün çalışmışam, müvafiq göstərişlər vermişəm. Bu gün Azərbaycan iqtisadi baxımdan, o cümlədən siyasi baxımdan heç kimdən, heç bir ölkədən asılı deyil, prinsipial müstəqil siyasət aparır, o siyasət ki, Azərbaycan xalqının maraqlarını təmin edir. Azərbaycan xalqının maraqlarını, dövlət maraqlarını bütün beynəlxalq tribunalardan müdafiə etmək üçün əlbəttə ki, bizim iqtisadi imkanımız olmalıdır.


Elə başa düşürəm, inqilabi dəyişikliklərin başlaması, prezidentin qətiyyəti hansısa təhdid, hədə-qorxu cəhdlərinin “sıfır” dəyərədinə qalacağını da vəd etməkdədir. Prezident bu barədə çox açıq danışdı, bu barədə yaxın tarixi keçmişdə yaşanmışları səmimi şəkildə bölüşdü. Gəlin yenidən prezidentin öz sözlərinə müraciət edək: “Biz indi dünyada gedən proseslərə diqqətlə baxırıq və görürük ki, hansı ölkələr iqtisadi cəhətdən başqa ölkələrdən, yaxud da beynəlxalq maliyyə qurumlarından asılıdırsa, o ölkələr müstəqil siyasət apara bilməz, o ölkələr bir növ böyük ölkələrin girovuna, alətinə çevrilir. O ölkələrin hökumətlərini bəzi hallarda öz xalqına, öz milli maraqlarına görə istifadə etmək üçün onlara təzyiq edilir və onlar bu təzyiqə davam gətirə bilmir. Bizə də təzyiq göstərilir və mənim Prezident kimi fəaliyyətimin bütün dövrlərində göstərilən təzyiqlə üzləşmişik. Ancaq buna davam gətirə bilmişik, müqavimət göstərmişik, öz sözümüzü demişik və heç bir təzyiq, heç bir hədə-qorxu, heç bir təhdid bizim siyasətimizə təsir edə bilməz. Nə üçün? İlk növbədə, biz xalqın dəstəyinə arxalanırıq.


Əlbəttə, cənab prezidentin çıxışı rəsmi və müstəqil mediada, sosial mediada, hətta müxalif mövqeli şəxslər tərəfindən işıqlandırılıb; sadəcə informasiya verənlər də, təqdir edənlər də, tənqidçilər də, etiraf edib-etməmələrindən asılı olmayaraq, qısa müddətdə inqilabi dəyişikliklərin olumlu təsirlərini öz üzərində hiss edəcəkdir.


Bilirsiz ki, “Mən bütün azərbaycanlıların Prezidentiyəm” sözü, bu söz deyilən vaxtdan ictimai şüurda özünə yer edib və bu sözün bir irəligörüşlü fikir kimi müxtəlif aspektlərdə inkişafına örnək kimi yeni sözlərini qeyd etmək istərdim: “İqtisadi müstəqillik mənim siyasətimin ana xəttini təşkil edir. Bu, bizə güc verir, inam verir, xalqımız təhlükəsizlik şəraitində yaşayır və biz ölkə üçün vacib olan bütün layihələri icra edirik”. – Bu sözlər və güclü xalqın dövləti də güclü olar düşüncəsi ilə bitirmək istərdim.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı