Modern.az

“Prezidentin tapşırıqları Azərbaycanın gələcəyinə hesablanıb” - DEPUTAT

“Prezidentin tapşırıqları Azərbaycanın gələcəyinə hesablanıb” - DEPUTAT

Aktual

24 Oktyabr 2019, 15:18

Ölkə Prezidenti tərəfindən son günlərdə aparılan struktur və kadr islahatları Azərbaycanın dinamik inkişafını daha da sürətləndirəcək.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin 41 saylı Sumqayıt birinci seçki dairəsindən seçilmiş deputatı Mirzəcan Xəlilov bildirib.

Onun sözlərinə görə, yeni kadr dəyişiklikləri dövlət başçısının sonuncu prezident seçkisindən sonra başlatdığı islahatlar prosesinin tərkib hissəsidir.

“Yeni Baş nazir təyinatı, ardınca Baş nazir müavinlərinin, bəzi nazirlərin dəyişdirilməsi sözsüz ki, islahatların keyfiyyət göstəricilərini yüksəldəcək, iqtisadi sahədə inkişafa təkan verəcək. Ölkə başçısı dövlətə bağlı olan, Prezidentin komandasında layiqli yer tutan simaları irəli çəkir. Yeni simalar isə yeni enerji, hadisələrə yeni yanaşma deməkdir”.

M.Xəlilov bildirib ki, yeni təyin edilənlər əvvəlki postlarında öz fəaliyyətləri ilə müsbət nəticə ortaya qoya bilən insanlardı və bu səbəbdən də onlara böyük etimad göstərilib.

“Cənab Prezidentin kadr siyasətində gənclərə zaman-zaman yer verilir, eyni zamanda, təcrübəli insanların da potensialından istifadə edilir. Biz bu uğurlu siyasəti uzun illərdir ki, müşahidə edirik”.

Deputatın fikrincə, aparılan kadr və struktur dəyişiklikləri Azərbaycanın qarşısında duran problemlərin daha çevik və daha keyfiyyətli həll edilməsinə gətirib çıxaracaq.

"Cənab Prezident son günlər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini ayrı-ayrılıqda qəbul edərək, problemlərdən məlumatlı olduğunu bildirir və onların həlli üçün müvafiq tapşırıqlar verir. Həmin tapşırıqların həlli Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsinə, insanların sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına hesablanıb”.

M.Xəlilov deyib ki, Ali Baş Komandan Azərbaycanın ərazi bütövlüyünün dinc vasitələrlə bərpa etmək üçün səy göstərməklə yanaşı, Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin daim artırılmasını da diqqətdə saxlayır. O, gələn ilin dövlət büdcəsində müdafiə xərcləri üçün nəzərdə tutulan vəsaitin məbləğinin xeyli artırılmasını bu diqqətin nümunəsi sayıb.

Deputat son günlər ölkədə qarışıqlıq yaratmaq istəyən qüvvələrin qanunsuz davranışlarını pisləyərək, bunun dövlətə, dövlətçiliyə zidd addım olduğunu bildirib

“Azərbaycanın inkişafını gözü götürməyənlərin cəhdləri hər zaman puça çıxıb və bundan sonra da belə olacaq. Bu gün müstəqil dövlətçiliyimizi təhdid etmək niyyətinə düşənlər Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi iqtidarla xalqın arasındakı birliyi, ölkəmizdəki sabitliyi, əmin-amanlığı poza bilməz!”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı