
Mən ölkəsini və xalqını sevən bir vətəndaş kimi ictimai asayişin qorunmasında, kriminogen durumun nəzarət altında saxlanılmasında, bir sözlə, təhlükəsizliyimizin təmin olunmasında hüquq-mühafizə orqanlarının əməyini yüksək qiymətləndirir, bu sahədə çalışan şəxslərə, xüsusən də daxili işlər orqanlarında işləyənlərə böyük hörmətlə yanaşıram. Bilirəm ki, Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir (Polis Haqqında Azərbaycan Respublikasının Qanunu. Maddə 3, I Bənd). Ancaq bu vəzifəni icra edərkən, bəzi polis nəfərlərinin vətəndaşlarla kobud rəftarını heç cür qəbul edə və görməməzlikdən gələ bilmirəm. Daxili işlər naziri cənab Ramil Usubovun da qeyd etdiyi kimi, (Yanvar 2012-ci il. Bakı Şəhər Baş Polis İdarəsində keçirilən geniş əməliyyat müşavirəsindəki nitqindən) asayiş keşikçilərinin davranışı, vətəndaşlarla nəzakətli rəftarı, qanunçuluğa ciddi riayət etmələri cəmiyyətdə polisə olan inamı və etimadı artırır, polis-vətəndaş münasibətlərinin daha da yaxınlaşmasında önəmli rol oynayır. Amma bu belə olmadıqda sözügedən inam sarsılır.
Bu qəbildən olan bir hadisylə, konkret olaraq polisin vətəndaşlarla nəzakətsiz rəftarı ilə mən 21 mart 2012-ci il tarixində rastlaşmışam. Beləki, mənim də yaşadığım (Nəsimi rayonu, 4-cü mikrorayon 20 Yanvar küçəsi ev 7A) binanın birinci girişinin ikinci mərtəbəsindəki qonşum öz evinin şüşəbəndinin taxta çərçivələrinin çürüdüyünü və hər an təhlükə yaratma, yəni uçma ehtimalını nəzərə alıb söküntü işlərinə başlayıb. Sonradan heç bir artırma olmadan, eyni yerdə dəmir vasitələrdən istifadə etməklə qaynaq işləri aparıb. Qaynaq işləri qurtardığından səhəri gündən hörgü işlərinə başlamağı planlaşdırıb. Elə bu vaxt əraziyə iki (90-AE-058 və 90-AN-936 PPX) maşın polis gəlib. Baxmayaraq ki, mənzil sahibləri ailə başçısını itirmiş qadından, yeniyetmə və gənc oğlanlardan ibarətdir (cəmi 3 nəfər), günorta saatlarından hadisə yerinə təxminən 10 nəfər polis əməkdaşı cəlb olunub. Polislər tikintinin qanunsuz olduğunu diqqətə çatdıraraq, işlərin təcili dayandırılmasını bildiriblər. Maraqlı məqam burasıdır ki, həmin polislərin arasında əraziyə nəzarət edən sahə müvəkkili olmayıb. Heç bir insidentin qeydə alınmadığı ərazidə çoxlu sayda polis nəfəri axşamacan əli cibində “keşik” çəkib.
Həmin gün saat 18:30 radələrində maşını işlək vəziyyətə salmaq üçün həyətə düşəndə bu mənzərəni görüb ağır qətl hadisəsinin baş verdiyini zənn etdim. Çünki polis maşınları binanın həyətinin girişini də tam tutub gediş-gəlişə mane olurdular. Mədəni şəkildə polislərə yaxınlaşıb bayramlarını təbrik etdikdən sonra nə baş verməsi ilə maraqlandım. Tanımadığım polis nəfəri eyvandakı tikinti işlərinə görə əraziyə cəlb edildiklərini bildirdi. Elə bu an qeyri-ixtiyari olaraq, bu qədər polis bu eyvana görəmi bura gəlib?- deyə təəccüblə soruşdum. Əvəzində isə həmin polis nəfəri qeyri-ciddi, məni ələ salırmış kimi- Yox eyvanın içində bir eyvan da var ona görə ikiqat polis çağrılıb- deyə, əllləri cibində rişxəndlə cavab verdi. Onun ictimaiyyət arasında özünü bu cür aparmasını, mənə qarşı kobudluğunu görməməzlikdən gəlib, öz işimin dalınca getmək qərarına gəldim. Bunu bayram günlərində gücləndirilmiş şəraitdə ikiqat əziyyət çəkərək xidmət aparan polisin işinin çətinliyinə bağışladım.
Heç nə olmamış kimi binanın qabağındakı yolun giriş-çıxışını kəsmiş 90-AN-936 dövlət nömrə nişanlı Post Patrul Xidməti maşınının sürücüsünün kim olması ilə maraqlandım və tələb etdim ki, yolu açsın mən gedim. Elə bu an polis nəfərləri nəyə görə əraziyə cəlb edildiklərini unudub, mənə ağıl dərsi keçməyə başladılar. Onlara cavab qaytarıb özümü müdafiə etməyə başlayanda isə məni bölməyə “basacaqları” ilə təhdid edib, hədə-qorxu gəlməyə başladılar. Təbii ki, Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq, zəruri həddi aşmadan necə lazımdır öz hüququmu qorudum və məni heç bir polis bölməsinə aparmadılar.
Amma polisin ictimaiyyət arasında özünü bu cür kobud aparmasını yadımdan çıxara bilmədim. Bu hadisə həmin gün mənim əsəblərimi pozmaqla yanaşı, heysiyyatıma da toxundu. Və nəticə olaraq, belə bir yazının meydana gəlməsinə səbəb oldu. İnanıram ki, bu yazını oxuyacaq aidiyyatı qurumlar hadisənin araşdırıb lazımi tədbir görəcəklər. Axı cənab Ramil Usubovun da qeyd etdiyi kimi (ATƏT-in Bakı Ofisinin rəhbəri Koray Torqayı qəbul edərkən söylədiyi nitqindən) DİN rəhbərliyi tərəfindən qanunçuluğa, insan və vətandaş hüquq və azadlıqlarının qorunmasına ciddi nəzarət edilir. Təkcə vətəndaşlarla kobud rəftar etdiklərinə, onların hüquq və azadlıqlarını pozduqlarına görə təkcə son üç il yarım ərzində 798 əməkdaş cəzalandırılıb.
Rufik İsmayılov