“Hazırda 2700-dən çox xəstənin dövlət hesabına dərman preparatları ilə təminatı həyata keçirilir. Beləliklə də, əvvəllər mütləq ölümlə nəticələnən bu xəstəlikdən əziyyət çəkənlərin həyat keyfiyyəti yaxşılaşıb və bəzi hallarda sağalması mümkün olub”.
Modern.az-ın məlumatına görə, bunu Səhiyyə naziri Oqtay Şirəliyevin sədrliyi ilə keçirilən kollegiya iclasında Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Gülmirzə Poladov bildirib.
G.Poladov müqayisə üçün deyib ki, 10 il əvvəl bu xəstəlik üzrə Dövlət Proqramı yox idi və cəmi 3 adda dərman preparatı humanitar yardım çərçivəsində yalnız 400-ə yaxın xəstəyə verilirdi.
Onun sözlərinə görə, hazırda Respublikada “Şəkərli diabet xəstəliyi üzrə” üçüncü Dövlət Proqramı uğurla icra olunur:
“Proqramların icra müddəti ərzində şəkərli diabetlə əlaqədar qeydiyyata götürülən xəstələrin sayı təxminən 2,5 dəfə artıb. Belə ki, 10 il öncə şəkərli diabet xəstələrinin sayı 108 min olubsa, 2019-cu ildə ölkədə 267 273 şəkərli diabet xəstəsi qeydiyyata alınıb, onlardan 1717 nəfəri 18 yaşadək olan uşaqlardır, 22 611 nəfər ilk dəfə qeydiyyata götürülənlərdir ki, onlardan 1617 nəfəri insulindən aslı olanlardır. Bu xəstələrin şəkərsalıcı dərman preparatları ilə təminatında mövcud olan gərginlik əsasən aradan qaldırılıb. Qeydiyyatda olan xəstələr 2019-cu il ərzində 160 117 ədəd qlukometr aparatı, 581 680 qutu striplə təmin edilib. Bütün uşaqlar insulin analoqları-şpris qələmlərlə və özünənəzarət vasitələri ilə təmin edilirlər”.
Nazirlik rəsmisi qeyd edib ki, son illər səhiyyənin qarşısında duran ən çətin problemlərdən biri olan xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicəsi artıq öz həllini tapıb:
“Hazırda Respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 44 mərkəz 661 süni böyrək aparatı ilə təchiz olunub, 3900-dən artıq xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunur. Qeyd edək ki, 10 il öncə 12 mərkəzdə 198 süni böyrək aparatı quraşdırılıb və 1200 nəfər xəstəyə xidmət göstərilirdi.
Qeyd etmək lazımdır ki, indi Azərbaycanda böyrək köçürülməsi əməliyyatı olunmuş 1000-ə yaxın insan var və dövlət onların dərman təminatını öz üzərinə götürüb. Cari ildə dövlət hesabına 34 nəfərə böyrək köçürülməsi əməliyyatı aparılıb”.
Həmçinin bildirib ki, “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı” çərçivəsində 1135 xəstənin dövlət tibb müəssisələrində müayinə və müalicəsi aparılır:
“Bütün xəstələr maliyyə baxımından çox baha başa gələn yüksəkeffektli dərman preparatları ilə dövlət hesabına təmin olunurlar. Görülən tədbirlər, bu xəstəlikdən əlliliyin və ölüm hallarının azalmasına şərait yaradıb”.
G.Poladov deyib ki, həyata keçirilmiş genişmiqyaslı tibbi-profilaktika tədbirləri nəticəsində artıq 6 ildir malyariyanın yerli yoluxması baş vermir.
Həmçinin, son 10 il ərzində qeydiyyatda olan vərəmli xəstələrin sayı hər 100 min nəfərə 121,4-dən 88,1-ə qədər azalıb, bu xəstəlikdən ölüm halları 8,4-dən 4,5-ə enib:
“Aparılan məqsədyönümlü tədbirlər nəticəsində Azərbaycan hazırda immun çatışmazlığı vurusuna yoluxma səviyyəsi aşağı olan ölkələr sırasındadır.
Son 5 il ərzində Səhiyyə Nazirliyinin nəzdində “viruslu hepatitlərin diaqnostikası və müalicəsinin təşkili üzrə xüsusi Komissiya” fəaliyyət göstərir. Bu müddətdə Komissiyaya 10803 nəfər müraciət edib, onlardan 7315-nə dövlət hesabına uzunmüddətli müalicə kursu təyin edilib. 2019-cu ildə nazirlik tərəfindən birbaşa virus əleyhinə təsir göstərən yeni nəsil dərman preparatları alınıb”.