İl ərzində Səhiyyə Nazirliyinə 3888 olub şikayət daxil olub.
Modern.az-ın məlumatına görə, bunu Səhiyyə naziri Oqtay Şirəliyevin sədrliyi ilə keçirilən kollegiya iclasında Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Gülmirzə Poladov bildirib.
G.Poladov bildirib ki, müraciət edənlərin sayı il ərzində cəmi 3888 olub, bu da bütün müraciətlərin 4,5 faizini təşkil edib:
“Hesabat ilində Səhiyyə Nazirliyinə müxtəlif məzmunlu 85 mindən çox müraciət daxil olub. Bu müraciətlərin 36 faizini müxtəlif sorğular təşkil edib və onların əksər hissəsi yerindəcə öz həllini tapıb.
Dərman təchizatı ilə şikayətlər ötən illərlə müqayisədə kəskin azalıb, şikayətlərin böyük hissəsini əsassız əlillik tələbləri təşkil edib. Minnətdarlıq məktublarının sayında isə ilbəil artım müşahidə olunur.
Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrini rəhbər tutaraq səhiyyə naziri və nazir müavinləri tərəfindən bu il Respublikanın 18 regionunda vətəndaşların qəbulu təşkil olunub, hər bir vətəndaşın müraciəti dinlənilib və bir sıra hallarda yerindəcə həll edilib. Hazırda 20-dən çox elektron informasiya sistemi və alt sistemləri “Vahid Səhiyyə İnformasiya Sistemi”nin tərkibində fəaliyyət göstərir. Cari ildə “Ölüm hallarının elektron qeydiyyat”ına başlanılıb, “əmək qabiliyyətinin olmaması vərəqəsi”nin, “Ambulator tibbi kitabçadan və xəstəlik tarixindən çıxarış”ların vahid elektron reestrlərinin yaradılması üçün müvafiq işlərə start verilib”.
O, bildirib ki, indiyədək Səhiyyə Nazirliyi tərəfindən informasiya sistemlərinin tətbiqi sahəsində 40 elektron xidmət istifadəyə verilib.
Nazirlik rəsmisi bildirib ki, ölkə başçısının müvafiq Fərmanlarına uyğun olaraq, Mingəçevir şəhəri və Yevlax rayonunda, daha sonra isə Ağdaş rayonunda həyata keçirilən icbari tibbi sığortanın pilot layihələri başa çatmaq üzrədir və artıq gələn ildən respublikanın bütün ərazisində tibbi sığortanın mərhələli şəkildə tətbiqinə başlanılacaq.