Modern.az

Sosial mediada öz mallarını reklam etmək istəyənlərin sayı artıb

Sosial mediada öz mallarını reklam etmək istəyənlərin sayı artıb

Aktual

10 Yanvar 2020, 14:23

Sosial şəbəkələr meydana çıxanda insanlar üçün bu daha çox ünsiyyət, anların paylaşılması, əyləncə vasitəsi idi. İndi isə sosial şəbəkələr həm də gəlir mənbəyinə çevrilib. Bəzi insanlar hesabı bir neçə min nəfəri keçən kimi “Reklam və iş birliyi üçün direkt” şablonunu əlavə etməyi özünə borc bilir. Adi istifadəçilərdən fərqli olaraq məşhurlar, blogerlər, influnserlər, fenomenlər reklamlara daha yaradıcı yanaşmağa çalışır. Çünki onların reklamdan qazandığı məbləğ heç də az deyil. Sosial şəbəkə reklamlarından  “Az-çox qazanıram” deyənlər də var, “Evin xərclərini məhz bu sayədə ödəyirəm” deyənlər də.

 

Həqiqətənmi Azərbaycanda sosial şəbəkələrdə reklamlardan bu qədər pul qazanmaq mümkündür?

 

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Modern.az-a açıqlamasında son dövrlər sosial media reklamlarının inkişafda olduğunu deyib:

 

“Azərbaycanda son dövrlərdə bu sahə müəyyən qədər inkişaf edib. Sosial media sürətli inkişaf etdiyinə görə reklam və influserlərlə bağlı tendensiya müsbətdir. Artıq sosial mediada izləyicisi çox olan səhifələrdə öz mallarını reklam etmək istəyənlərin sayı artıb. Ayrı-ayrı xidmət verənlər, öz mallarını tanıtmaq istəyənlər sosial mediada aktiv olanlardan istifadə edərək reklamlarını edirlər.

Yeri gəlmişkən, onu da deyim ki, Azərbaycanda bununla bağlı xüsusi plaformalar yaranır. Malını, xidmətini reklam etmək istəyənlə sosial media istifadəçisini birləşdirən platformadır”.

 

Reklam qiymətləri isə müxtəlif amillərə görə dəyişir:

 

“Bəlli rəqəmlər demək çətindir. Bu, izləyici sayından, auditoriyanın necəliyindən asılıdır”.

 

O, bu sahənin qanuni tərəfləri ilə bağlı maarifçilik işi aparılmasının tərəfdarıdır:

 

“Əlbəttə ki, bu kommersiya faəliyyəti olduğuna görə qanuni tərəfi ondan ibarətdir ki, gəlir götürən tərəfin də, ödəniş edən tərəfin də bunu qanuni müstəvidə etməsi doğru olar.

Reklam fərdi qaydada olanda, bəzən vergi və ödənişlərlə bağlı problemlər ola bilər. Hesab edirəm ki, bu məsələ ilə bağlı maarifçilik işi aparmaq lazımdır. Bununla məşğul olan tərəflər vergi uçotuna durmağı, gəlirdən vergi ödəməyi bilməlidirlər”.

 

Əfsanə ŞƏRİF

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı