Avropa Parlamentinin yanvarın 15-də Strasburqda keçirilən plenar sessiyası zamanı “Birgə Xarici və Təhlükəsizlik Siyasətinin həyata keçirilməsi üzrə illik məruzə” (Annual report on the implementation of the Common Foreign and Security Policy) adlı qətnamə böyük səs çoxluğu ilə qəbul edilib.
Sözügedən qətnamənin 36-cı bəndində Avropa İttifaqı "Şərq Tərəfdaşlığı"nın bütün üzv dövlətlərinin suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyinə dəstəklə bağlı öz öhdəliyini növbəti dəfə təsdiqlədi.
Xüsusilə vurğulanmalıdır ki, qətnamədə ərazi bütövlüyü məsələsi beynəlxalq səviyyədə tanınmış sərhədlər ifadəsi ilə birgə təqdim edilir.
Sənəddə "Şərq Tərəfdaşlığı" ərazisindəki bütün münaqişələrlə bağlı vahid yanaşma nümayiş etdirilərək onların beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həllinə, münaqişədən əziyyət çəkənlərə, o cümlədən qaçqın və məcburi köçkünlərə dəstəyin artırılmasına dair çağırış öz əksini tapıb.
Bəs bu qətnamə ikitərəfli inkişafa necə təsir göstərəcək?
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev Modern.az-a açıqlamasında qətnamənin ümumi olduğunu vurğulayıb:
“Orada “Şərq Tərəfdaşlığı” ölkələrinin ümumi ərazi bütövlüyünün dəstəklənməsindən söhbət gedir. Səhv etmirəmsə, 2011-ci ildə qəbul edilmiş qətnamədə birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyü dəstəklənib. Ona görə də Avropa Birliyinin bu məsələdə Azərbaycanı dəstəkləməsi yeni deyil. Bundan əvvəl də Avropa Parlamenti bizi dəstəkləyib”.
“Ancaq son 3-4 ildə biz belə sənədlər müşahidə etməmişik. Bu sənəddə yenidən həm Azərbaycanın, həm də digər ölkələrin ərazi bütövlüyünün dəstəklənməsi onu göstərir ki Avropa Birliyinin bu sahədə siyasəti dəyişməz qalır. Avropa Parlamenti üçün bu, xüsusən də son 2014-cü ildə Ukraynada, Gürcüstanda və digər ölkələrdə baş verən hadisələr konteksində vacib prinsip olaraq qalır”,-deyə BMTM sədri əlavə edib.
Fərid Şəfiyev ikitərəfli əlaqələrin inkişafından da söz açıb:
“Onu deyə bilərəm ki, ikitərəfli müzakirə olunan sənəddə artıq siyasi məqsədlər öz həllini tapıb. Ərazi bütövlüyümüzlə bağlı bəndlər razılaşdırılıb. Avropa Birliyi bizi birmənalı şəkildə dəstəkləyir. Yalnız bir neçə iqtisadi məsələ var ki, onun haqqında cənab prezident bir neçə dəfə açıqlama verib. Hesab edirəm ki, bizim Avropa Birliyi ilə gələcək əlaqələrimizin inkişafı üçün heç bir siyasi problemli məsələ yoxdur”.
Qeyd edək ki, qətnamədə Aİ-nin 2016-cı il tarixli Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiya sənədinə və Şərq Tərəfdaşlıq ölkələrinin 2017-ci il Brüssel Zirvə Görüşünün yekun sənədinə istinad olunur.