Azərbaycanda Aliment Fondu yaradılmalıdır.
Modern.az xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva çıxış edib. O hesab edir ki, belə bir fondun yaradılması yüzlərlə uşağın çətin vəziyyətdən xilas edilməsi yoludur.
Q.Paşayeva məhkəmənin qərarı ilə aliment almaq hüququna malik yüzlərlə qadının üzləşdiyi problemləri qaldıraraq deyib ki, hər gün övladları ilə çətin vəziyyətdə qalmış analar tərəfindən xeyli sayda məktub və müraciətlər alır:
“Hər ay aliment almaqda çətinlik çəkən və bu səbəbdən övladlarını böyütməkdə ciddi çətinliklərlə üzləşdiyini deyən qadınların müraciətlərini dinləyirik. Bu gün məhkəmə qərarlarının icrası sahəsində də ən ciddi problemlərdən biri məhz alimentlərin ödənilməsi məsələsi ilə bağlıdır. Bu səbəbdən uşağın saxlanılması üçün məhkəmə tərəfindən təyin edilən alimentin ödənilməsi məqsədilə dövlət tərəfindən maliyyələşən xüsusi Aliment Fondunun yaradılmasına böyük ehtiyac var".
İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2019-cu il üzrə məruzəsində qeyd olunan önəmli təkliflər içərində Aliment Fondunun yaradılması təklifinin də xüsusi yer tutduğunu vurğulayan Q.Paşayeva bildirib ki, belə bir fondun yaradılması aliment problemi səbəbindən yüzlərlə çətin vəziyyətdə böyüyən uşaqlar üçün xüsusilə çox önəmlidir:
"Bu məsələyə baxılması ilə bağlı müvafiq dövlət qurumlarından xahiş edirik”.