Xüsusi karantin rejimində Respublikamızın regionlarında olan şəhər (rayon) mədəniyyət mərkəzləri və onların filialları tərəfindən əhaliyə göstərilən xidmətlərin yeni forması, həyata keçirilən layihələr, gələcək işlər barədə mədəniyyət nazirinin müavini Rafiq Bayramov, nazirliyin müvafiq struktur bölməsinin əməkdaşları və ölkənin aparıcı mədəniyyət mərkəzlərinin rəhbərləri, habelə regional mədəniyyət idarələrinin nümayəndələrinin iştirakı ilə 24 aprel 2020-ci ildə videokonfrans keçirilib.
Modern.az xəbər verir ki, konfransı giriş sözü ilə açan nazir müavini Rafiq Bayramov ölkə rəhbərliyinin əhalinin sağlamlığına göstərdiyi xüsusi diqqəti, xüsusi karantin rejimində insanlara dövlət səviyyəsində olan qayğını qeyd edərək mədəniyyət sahəsində fəaliyyət göstərən insanların da bu qayğı və diqqəti açıq-aydın hiss etdiyini bildirdi. Qeyd edildi ki, bu dövrdə müəssisələrin idarəçiliyində, habelə əhaliyə göstərilən mədəni xidmətlərin təqdimat formasında uyğunlaşdırılma aparılmış, internet üzərindən texniki vasitələrdən istifadə edilməklə iş qurulmuşdur. Nazir müavini əhalinin asudə vaxtının səmərəli təşkilində mədəniyyət mərkəzləri və onların filiallarının üzərinə düşən öhdəlikləri bir daha xatırladaraq, onların postpandemiya dövrünə hazır olmalarını, gələcəkdə öz işlərini daha innovativ vasitələrlə qurmalarını tövsiyə etdi. O, nazirlik tərəfindən xalq yaradıcılığının inkişafı, təbliği, əhalinin asudə vaxtının səmərəli təşkili məqsədilə həyata keçirilən “Yaradıcılığı evdə öyrən” və “Evim yeni iş yerim” layihələrinin əhəmiyyətini qeyd edərək, bu layihələrin kütləviləşməsini insanların marağını cəlb etməkdə və onlar üçün faydalı olmaqda gördüyünü bildirib.
Nazirliyin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri Günel Aslanova çıxış edərək xüsusi karantin dövründə internet üzərindən aparılan layihələr, onlayn konsertlər barədə məlumat verdi. O, bildirdi ki, hər gün çoxsaylı videodərslər #yaradıcılığıevdəöyrən həştəqi ilə sosial şəbəkələrdə paylaşılır. Nazirliyin müəssisələrinin yeni marketinq və menecmentlik üsulları barədə #evimyeniişyerim həştəqi ilə videolar paylaşılır. Eyni zamanda, tezliklə, “9 may Faşizm üzərində qələbə günü”nə həsr edilmiş “Qəhrəman böyüklərim” layihəsinin başlayacağı və ictimaiyyətə geniş məlumat veriləcəyini bildirilib.
Nazirliyin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdir müavini Vüqar Məmmədov qeyd edilən layihələr barədə mütəmadi olaraq internet üzərindən monitorinq aparıldığını qeyd etdi. V.Məmmədov əhaliyə mədəni xidmətlərin göstərilməsi üçün bu layihələri daha aktiv davam etdirməyin vacib olduğunu bildirib.
Sonda nazir müavini Rafiq Bayramov mədəniyyət mərkəzləri və onların filiallarının əməkdaşlarına xüsusi karantin rejimi dövründə fəal işlədiklərinə görə təşəkkürünü bildirdi, habelə sahənin inkişafı ilə bağlı təkliflərin hazırlanması barədə tapşırıqlar verib.