“Pandemiya dövründə insanlar arasında təmasların minimuma enməsi cinsi yolla keçən infeksiyalara yoluxmanı azaldacaq”
Bunu Modern.az-a Azərbaycan Tibb Universitetinin Dermotovenerologiya kafedrasının müdiri, professor Fərid Mahmudov bildirib.
Onun sözlərinə görə, fotodermatoz, kontakt dermatit kimi xəstəliklərin də sayında azalma müşahidə olunmalıdır:
“Ümumilikdə cinsi yolla keçən xəstəliklər əvvəllər zöhrəvi xəstəliklər adlandırılırdı və bizə 4 belə xəstəlik məlum idisə, indi artıq 50-dən çoxdur, bu da diaqnostik metodların, cihazların inkişafı ilə əlaqədardır.
Ötən əsrin 90-ci illərinə qədər Azərbaycanda cinsi yolla keçən xəstəliklər çox deyildi, əsasən, qonokokk infeksiyası və trixomoniaz idi. SSRİ dağıldıqdan sonra sərhədlər açıldı, daha çox ölkəyə gediş-gəliş yarandı, insanların biri-birilə təmasları artdı, nəticədə cinsi yolla keçən infeksiyalara yoluxanlar çoxaldı. Son 25 ildə artmış bəd xəstəliklərdən biri də sifilisdir”.
Professor qeyd edib ki, son 2 ildə də stabilləşmə müşahidə olunur:
“Sovet dönəmində zöhrəvi xəstələr müalicəyə məcburi cəlb olunurdular. Lakin indi müalicə şəraitini xəstələr özləri seçir, bəzi hallarda anonim şəkildə də müalicə alırlar ki, bu da statistikaya təsir göstərir. Hazırda bu tip xəstəliklər üzrə müayinə və müalicələrin daha ciddi olması, aparılması üzrə işlər gedir”.