“Həftəsonu məhdudiyyətlərin tətbiq edildiyi müddətdə dializ xəstəsi olan şəxslər “ASAN xidmət”in 108 “Çağrı” Mərkəzinə zəng vurmaqla müvafiq tibb müəssisələrinə çatdırılmaları üçün müraciət edə bilərlər”.
Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.
Ü.Mehdiyev qeyd edib ki, 972 dializ xəstəsinin hər biri ilə artıq onlar 108-ə müraciət etmədən əlaqə saxlanılıb.
Ü.Mehdiyev bildirib ki, “ASAN könüllüləri” xüsusi ayrılmış avtomobillər vasitəsi ilə həmin şəxslərin aidiyyati tibb müəsisələrinə çatdırılmasını və geri qaytarılmasını təmin edəcəklər:
"Bundan əlavə, təcili yardımın, kommunal xidmətlərin (işıq, su, qaz, lift xidmətləri) “qaynar xətlər”inə müraciət etməkdə və digər zəruri təxirəsalınmaz hallarla bağlı çətinlik çəkən vətəndaşlar 108 “Çağrı” Mərkəzinə zəng vurmaqla zəruri xidmət sahələri ilə əlaqələndiriləcəklər".