"Çimərliklərə getmək üçün proqram hazırlanır. Məsələn, hansısa çimərlik 400 nəfər tutursa, isti havada ora 800 adam gələ və bu zaman sıxlıq yarana bilər".
Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) başçısı Aparatının rəhbəri Elgin Həbibullayev deyib.
O qeyd edib ki, proqrama əsasən, vətəndaş fin kodunu daxil etməklə özünə hansısa çimərlikdə yer bron edəcək:
"Yaxın günlərdə bu barədə ictimaiyyətə məlumat veriləcək".
"ASAN xidmət"in sədri Ülvi Mehdiyev isə əlavə edib ki, çimərliklər üçün icazə portalının yaradılması, təmsil etdiyi qurum və Bakı Şəhər İcra Hakimiyyətilə birgə hazırlanır.