Koronavirusa yoluxan Əməkdar artist Bəhram Bağırzadə hazırda Bakıdakı karantin xəstəxanalarından birində müalicə alır.
Əməkdar artistin özü hələ 8 iyunda Modern.az saytına bu barədə məlumat vermiş, detallı danışmaq istəməmişdi. Həmin vaxt B.Bağırzadə onun üçün narahat olanlarla bağlı xəstə yatağında da zarafatından qalmamışdı:
"70-ci illərin məşhur Azərbaycan aktyoru Ağasadıq Gəraybəyli bir ay xəstələnib reanimasiyada qaldıqdan sonra teatra işə qayıdır. Dəhlizdə o zaman gənc Yaşar Nuri ilə üzbəüz gəlir. Yaşar deyir: "Əmi, salam, həmişə ayaq üstə, həmişə işdə-gücdə".
Gəraybəyli incik-incik deyir ki, nə "əmi-əmi" deyirsən. Əmi düz bir ay reanimasiyada yatdı, biriniz də gəlib ona dəymədiniz. Getdim, o dünyanı gördüm, gəldim. Yaşar da cavab verir ki, eybi yox əmi, adama gəzmək qalır, gəzmək!".
Əməkdar artist əməkdaşımızla qısa söhbət zamanı onunla maraqlanan hər kəsə təşəkkür edərək, əlavə danışmaq istəməmişdi.
Qeyd edək ki, B.Bağırzadə əvvəlcə "COVİD-19"a yoluxması ilə bağlı məlumatları təkzib etsə də, sonradan Modern.az-a açıqlamasında bunu təsdiqləmişdi.
P.S. Bu gün Bəhram Bağırzadənin vəziyyətinin ağırlaşdığı barədə xəbər verilib. Əməkdar artist Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsində əvvəlcə süni tənəffüs aparatına, sonra ECMO aparatına qoşulub. Onun ağciyərlərinin 90 faiz zədələndiyi bildirilir.