"103 - təcili tibbi yardım xidməti və ambulator yardim xidməti müvəqəti olaraq pandemiya dövründə iş bölgüsü əsasında Səhiyyə Nazirliyində olacaq".
Bunu Modern.az-a açıqlamasında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyva bildirib.
R.Əliyeva qeyd edib ki, TƏBİB-in strukturunda hər hansı bir dəyişiklik yoxdur.
Qeyd edək ki, xüsusi karantin rejimi müddətində Bakı şəhəri üzrə yeni növ koronavirus infeksiyası ocaqlarında gigiyena və epidemiologiya, karantin-təşkilati, o cümlədən profilaktik tədbirlərinin görülməsi, yeni növ koronavirus infeksiyasına yoluxmuş şəxslərin yerində aşkarlanaraq onlara ev şəraitində ambulator-poliklinik və təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsi Səhiyyə Nazirliyi tərəfindən həyata keçiriləcək. Gigiyena-epidemioloji, habelə yuxarıda göstərilmiş sahələrdə çalışan tibb işçilərinin yeni növ koronavirus ocaqlarının aşkarlanmasına və bu ocaqlarda tibbi yardımın təşkilinə cəlb olunması nəzərdə tutulur.
Yeni növ koronavirus infeksiyasına yoluxmuş şəxslərin stasionar müalicəsinin təşkilini isə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxs həyata keçirəcək.