Modern.az

Araz üstə şaxələnən çinar

Araz üstə şaxələnən çinar

Aktual

3 Sentyabr 2020, 09:27

Soyadı Mirzai olsa da, hamı ona “Mirzə” deyir. Ərdəbildən köçüb gələn babasının soyadı nəsillərində ənənəvi olan ziyalılıqla əlaqəli Mirzai olub. Dəfələrlə soyadı dəyişmək təklifləri alsa da, genetik kodlara hörmət baxımından bu müqəddəsliyə toxunmayıb, Sovet rejiminin ən sərt məqamlarında da... Bu gün soyadı bir neçə pillə də müqəddəsləşdirib, böyük bir nəslin ağsaqqalı kimi, kimya elminin dərin bilicisi kimi, cəmiyyətdə dərin rəğbət qazanmış ziyalı kimi, hərtərəfli biliyə malik  ensiklopedik alim kimi...  Atasının Qazaxda məskunlaşması, burada ailə qurması onu Qazaxa bağlayıb, 1966-cı ildə orta məktəbi burada qızıl medalla bitirib, “şairlər yurdunda” Səməd Vurğunu, Hüseyn Cavidi, Nəsimini əzbər bilmək onun həyat yolunu müəyyənləşdirmişdi, ədəbiyyatçı olmalıydı! Evdəkilər, müəllimləri onu gələcəyin yaxşı ədəbiyyatşünası görürdülər, özünü də fikri belə idi. Hayıf ki, 16 yaşı tamam olmayan bu balaca, çəlimsiz Cəbrayıl Bakıya gələn yolda bəzi adamlarla etdiyi mübahisənin acığına sənədlərini Kimya fakültəsinə verir və filologiya elmi çox şey itirir. Beləliklə, 60-cı illərdə dövlət səviyyəsində aparılan kimyalaşdırma siyasətinin, özü demişkən, “qurbanlarından” birinə çevrilir. O zaman ölkə başçısı Xruşşovun “gələcək kimyanındır” kampaniyası Kimya fakültəsini ölkənin ən prestijli fakültəsinə çevirmişdi. Hüquq, Şərqşünaslıq, həkimlik ixtisasları onun yanında heç nə idi. Təsəvvür etmək çətindir ki, Azərbaycan üzrə  orta məktəbi qızıl medalla bitirən təxminən 100 nəfərdən 75-i sənədlərini Kimya fakültəsinə vermişdi. Qəbul planı isə cəmi 50 yer idi. Yəni ora sənəd verən 800 nəfərdən, 75 medalçıdan yalnız 50 nəfəri tələbə adı qazanacaqdı. Cəbrayıl Mirzai həyat prinsiplərinə görə məhz belə bir çətinliyə atıldı və qalib gəldi. Özü də necə qalib gəldi? İlk imtahandan  bütün medalçılar və daha 200 nəfər “əla” qiymət aldı. Təhsil nazirliyində qərara alırlar ki, qızıl medalçılar üçün indiyədək mövcud olan “ilk imtahandan “əla” aldığı təqdirdə müsabiqədənkənar qəbul olunur” qaydası ləğv edilsin və uşaqlar 4 imtahanın hamısını versinlər. Bu imtahanlara hazırlaşmayan, indiki terminlərlə desək, bir gün də ”repetitor” yanına getməyən Cəbrayıl Mirzai kimyadan başqa riyaziyyat, fizika, ədəbiyyat fənlərindən də “əla” alıb tələbə adı qazanır. Deyirlər ki, istedad varsa, o, özünü mütləq göstərir. 16 yaşında tələbə adı qazanan(sentyabrın 3-də olan əsl doğum tarixini məhz ali məktəbə sənəd vermək üçün yanvarın əvvəllərinə dəyişdiriblər), fakültədə yaşca hamıdan kiçik olan bu oğlan böyük ürəyi, bacarıqları, elmə, təhsilə və insanlara münasibəti ilə tezliklə istedadlı tələbə yoldaşlarından da fərqlənməyə başlayır və hamının sevimlisinə çevrilir. Universitetin “gözü” olan bu fakültənin (qəbul imtahanlarının nəticələrinə görə Nazirlər Kabineti müstəsna qərar qəbul edir və həmin il Kimya fakültəsinə daxil olanların sayını 225-ə qaldırır,) qrupun digər əlaçı tələbələrinin, demək olar ki, hamısından əvvəl, 25 yaşında namizədlik, 40 yaşında doktorluq dissertasiyaları müdafiə edir. Moskvada çox uğurla keçirilən bu müdafiə prosesləri onun dərin intellektini, zəngin biliyini, hərtərəfli dünyagörüşünü bir daha sübut edir və bəzi müştəbeh rus alimlərini çox təəccübləndirir. Bütün mənalı həyatı boyu insanlarda öz mənəvi zənginliyi ilə xoş təəccüb yaratmağı bacaran Cəbrayıl müəllim  1974-91-ci illərdə AMEA-nın Kimya Problemləri İnistitunda mühəndis, kiçik elmi işçi, baş elmi işçi, bölmə müdiri və laboratoriya rəhbəri vəzifələrində çalışmışdır. O, 1991-ci ildən 1999-cu ilə qədər Bakı Dövlət Universitetinin Fiziki və kolloid kimya kafedrasının professoru vəzifəsində işləmişdir.  Professor 1999-2016-cı illərdə Azərbaycan Dövlət Neft Akademiyasının (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Fiziki kimya (2004- cü ildən - Fiziki və analitik kimya) kafedrasının müdiri vəzifəsində işləmiş, kafedranın nəzdində fəaliyyət  göstərən “Ekoloji kataliz” elmi-tədqiqat laboratoriyasının elmi rəhbəri olmuşdur. O, 2016-cı ildə yenidən Bakı Dövlət Universitetinə qayıtmış və hal-hazırda Fiziki və kolloid kimya kafedrasının professorudur. 

 

Səmimi xarakteri, fenomenal yaddaşı, zəngin intellekti, xarizması ilə sayılıb-seçilən və dəyərli ziyalılarımızdan olan professor Mirzai Cəbrayıl İsrafil oğlu müasir Azərbaycan Fiziki kimya elminin şəksiz liderlərindən biridir. Ancaq bunlar onun görünən tərəfidir. Görünməyən tərəfində daha böyük zənginlik gizlənir. Etiraf etmək lazımdır ki, neçə-neçə akademikin, müxbir üzvün, 50-dək professorun  yetişdiyi 1971-ci il məzunları arasında heç kəs Cəbrayıl Mirzai ilə müqayisə oluna bilməz. Klassika öz yerində, müasir Azərbaycan poeziyasının incilərini, Məmməd Arazın, Musa Yaqubun, Ramiz Rövşənin və digərlərinin şeirlərini dayanmadan saatlarla əzbər deyə bilən bu adam böyük kimyaçı alim olmaqla paralel dərin yumor hissinə malik işıqlı ziyalıdır. Zəngin analitik təfəkkür, çevik düşüncə,  dərin ağılla bərabər sadə və təvazökar xarakter, xeyirxah ürək, mərdlik, nəciblik, qürur və səmimiyyət bir insanda cəmlənə bilərmi? Cəbrayıl Mirzai  uzaqdan baxanda da görünən, yaşıl budaqları, yarpaqları təravətli olan möhtəşəm bir çinara bənzəyir. Adətən, bir azca mövqeyi olanlarda müşahidə etdiyimiz itkiləri Cəbrayıl Mirzai  tufanlara tab edən möhtəşəm çinar kimi qoruyub saxlayıb. Çoxlarının insanlıq ağacından qopub tökülən yarpaqlar, budaqlar Cəbrayıl müəllimdə qorunub. Gənclik illərində daxilən özündə tərbiyə etdiyi bütün nəcib keyfiyyətlər zamanın güdazına getməyib, ancaq böyüyüb, gözəlləşib, təravətlənib...

 

 ”İti bu dünyada atından baha”,”göy üzünün daş saxlamadığı”,”qalxanda mehriban, enəndə nə yaman” olan,”ürəklərdən işıq oğurlayan”ların çoxaldığı bu dünyada  “Araz üstə şaxələnən bir çinar” var! Ürəyi dədə-baba yurdu Ərdəbildə,  gözü doğulduğu Qazaxda, özü Bakıda!  Ömrü boyu nadanların yaratdığı “tufanları əyən”, elm, təhsil, xeyirxahlıq, nəciblik toxumları əkib suvaran, bununla da bir Cəbrayıl abidəsi göyərdən Cəbrayıl Mirzai!!! Bu gün 70 yaşı tamam olur! Təbrik edirəm!

 

Fikrət Şiriyev

BDU nun dosenti

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV