Dağlıq Qarabağdakı qondarma rejimin başçısı, terrorist Araik Arutunyan Gəncəni vurmaqla bağlı sərsəm fikirlər irəli sürməsi ermənilərin müəyyən bir təxribat planlarının içində yer alan məsələdir”. Bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Deputat bildirib ki, Azərbaycan ordusu düşməni təxribat törətməsinə peşman edəcək gücdədir: “Hər hansı bir şəkildə ermənilərin hücumu onların məğlubiyyəti və darmadağın olması ilə nəticələnəcək. Bunu özləri də yaxşı bilir. Bu cür hədələr Azərbaycan üçün indiki vəziyyətdə keçərli deyil.
Azərbaycan hər bir hücuma cavab verməyə hazırdır. Bu, ermənilərin daxili auditoriyalarına özlərini güclü və bizdən üstün göstərmək üçün istifadə etdiyi təbliğat vasitələrindən biridir. Qondarma rejimin başçısının iddiası mənası və əsası olmayan bir söz yığınıdır”.
Sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov da məsələtə münasibət bildirib. Deyib ki, Ermənistanın Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni vurmaqla bağlı səsləndirdiyi hədələr qəbuledilməzdir. ATƏT-in Minsk Qrupu həmsədrləri turist diplomatiyasından əl çəkib, məsələyə konstruktiv yanaşma sərgiləməlidirlər. Politoloq bildirib ki, qondarma rejim nəinki Gəncəni, heç cəbhədəki mövqelərimizi vurmaq imkanına malik deyil:
“Arutyunyanın Gəncəni vurmaqla bağlı boş və mənasız hədələri onun deyil, işğalçı Ermənistanın provokasiyasıdır. Ermənistan bu yolla ilk növbədə öz ictimaiyyətinə Azərbaycan qarşısında hərbi cəhətdən güclü olduğunu göstərməyə çalışır. Bu cür boş və əsassız iddialar münaqişənin sülh yolu ilə həllinin olmadığını bir daha sübut edir”.
“Bu hədə - işğalçı siyasətin göstəricisidir”
Politoloqun sözlərinə görə, Ermənistanın Azərbaycanın ikinci böyük şəhərini vurmaqla hədələməsinə səssiz qalmaq olmaz:
“Beynəlxalq təşkilatlar münaqişənin danışıqlar yolu ilə həllinin vacibliyini bildirirlər. Bununla belə, Ermənistan işğalçı siyasətindən əl çəkməməkdə israr edir. Ermənistanın Gəncəni vurmaqla hədələməsi açıqca işğalçı siyasətinin göstəricisidir. Təəssüf ki, münaqişənin danışıqlar yolu ilə həllini təklif edən beynəlxalq təşkilatlar Ermənistanın nə bu kimi əsassız ərazi iddialarına, nə də işğalçı siyasətinə adekvat cavab verir. Düşünürəm ki, Azərbaycan ATƏT-in Minsk Qrupu həmsədrlərinə sərt xəbərdarlıq etməlidir. Bu, şikayət mahiyyətli deyil, rəsmi İrəvana qarşı görüləcək tədbirlər üçün xəbərdarlıq olmalıdır. Ermənistanın istənilən təxribatına qarşı Azərbaycanın görəcəyi tədbirlərdən rəsmi İrəvan məsuliyyət daşıyır”.
2016-cı ildən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusu tərəfindən bir–birinin ardınca acınacaqlı məğlubiyyətə uğradılması bu ölkədə siyasi böhranı daha da dərinləşdirib. Həmin vaxta qədər işğalçı ölkə öz ordusunun məğlubedilməz olması barədə mif yaradırdı. Lakin 2016-cı ilin Aprel döyüşlərində həm mənfur qonşumuza, həm də dünya birliyinə məlum oldu ki, Azərbaycan Ordusu işğal altında olan ərazilərimizi hər an azad etməyə qadirdir. Həmin döyüşlərdə strateji əhəmiyyətli yüksəkliklərin düşməndən azad edilməsi, 25 il düşmən əsarətində qalan 2 min hektardan çox ərazimizin Silahlı Qüvvələrimizin nəzarətinə keçməsi, Şərur rayonunun 1992-ci ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş Günnüt kəndinin 26 ildən sonra - 2018- ci ildə düşməndən təmizlənməsi Azərbaycan Ordusunun gücünün göstəricisidir.
“Ermənistanın ordusunun “qulağı kəsilib”
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib ki, Tovuz əməliyyatında da uğursuzluğa düçar olan Ermənistan tərəfi indi müxtəlif şayiələr yaymaqla Azərbaycan əhalisi arasında qorxu yaratmaq istəyir. Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Araik Aratunyan Gəncəni vurmaqla ölkəmizi təhdid edir. Onun respublikamızı hədələməsi barədə məlumatlar, əslində, ermənilərin özlərini qorumaq məqsədilə təşkil olunmuş şayiədir. Bizdə belə bir el məsəli var: “Hürəyən it tutağan olmaz”. İndi qondarma rejimin başçısının da hədə-qorxusu buna bənzəyir. Görünür, Araik Aratunyan Tovuzdakı uğursuzluqdan sonra Ermənistanı yeni təxribatlara əl atmağa və revanş götürməyə vadar edir. Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinin gücünə bələd olduğundan belə təxribatlara çətin gedər.
Əslində, separatçıların içərisində özünə müsbət imic yaratmaq istəyən qondarma rejimin başçısı Araik Aratunyan Azərbaycanı Gəncəni vurmaqla hədələməklə özünə imic formalaşdırmaq istəyir, ancaq bunun əksi olaraq, özünü gülünc vəziyyətinə salır. Söz yox ki, Ermənistan artıq Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmağa adət edib və bununla öz yırtıcı və faşist simasını dəfələrlə nümayiş etdirib. Ancaq, necə deyərlər, it onun qulağını kəsəndən qorxar. Ermənistan ordusunun “qulağı artıq bir neçə dəfə kəsilib”.
Gəncəni hədəf seçməklə yeni qorxu, gərginlik yaratmaq istəyirlər. Gözləmək olardı ki, ATƏT-in Minsk qrupu Ermənistanın növbəti təxribat planına, heç olmasa, söz yığınından ibarət olsa da, bəyanatla cavab verər. Təəssüf ki, bunu da etmədi. Dünya birliyinin Ermənistanın təcavüzkar bəyanatlarına ikili standartlardan yanaşması bu ölkəni daha qorxulu planların həyata keçirilməsinə yönəldir və getdikcə daha da quduzlaşdırır”, - deyə hüquq müdafiəçisi qeyd edib.
Ç.Qənizadə bildirib ki, Azərbaycanı Gəncəni vurmaqla hədələyənlərin dar düşüncəli olmaları özünü açıq şəkildə büruzə verir. Unudurlar ki, əgər onlar Gəncəyə qarşı hansısa məkrli planı həyata keçirməyə hazırlaşsalar, Azərbaycan Ordusunu Xankəndidə görəcəklər və ordumuzun ciddi təzyiqini Yerevanda hiss edəcəklər. Özlərini insan hüquq və azadlıqlarının müdafiəçisi kimi təqdim edən beynəlxalq təşkilatlar, təəssüf ki, bu dəfə də “ağızlarına su alıblar”. Otuz il ərzində belə təxribatçı bəyanatlara diqqət yetirməmək, susqunluq nümayiş etdirmək insan hüquq və azadlıqlarının müdafiəçisi qismində çıxış edən beynəlxalq təşkilatlara, o cümlədən qüdrətli dövlətlərə olan inamı, etimadı azaldır.
Qondarma cinayətkar rejimin başçısı Araik Aratunyan Azərbaycanı təhdid edərək Gəncəni vuracaqları ilə hədələməsi ermənilərin faşist xislətinin növbəti təsdiqidir. Ona görə də qondarma rejimin başçısı Araik Aratunyanın bu təhdidi dünya birliyi tərəfindən ciddi qəbul olunmalı və nəzarətə götürülməlidir.
Müdafiə Nazirliyi: “Hər bir təxribatın qarşısı alınacaq”
Qeyd edək ki, Müdafiə Nazirliyi də məsləyə münasibət bildirib. Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma kriminal rejimin nümayəndələrinin səsləndirdiyi fikirlər heç bir mahiyyət kəsb etmir.
Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, Azərbaycanın Gəncə şəhərinin atəşə tutulması ilə bağlı Ermənistan tərəfindən irəli sürülən hədələr düşmənin növbəti hərbi avantürası olmaqla yanaşı işğalçılıq siyasətinin göstəricisidir və bu onların növbəti təxribat əməlləri törətmək niyyətindən xəbər verir.
“Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə yaşayış məntəqələrimizi və dinc əhalini atəşə tutaraq bir nəfər kənd sakinini qətlə yetirən düşmən təxribatının qarşısı Azərbaycan Ordusunun bölmələri tərəfindən qətiyyətlə alındı.
Mülki obyektlərin və yaşayış məntəqələrinin hədəfə alınması Ermənistan silahlı qüvvələrinin standart praktikasıdır. 2016-cı il aprel hadisələri, Tovuz rayonu istiqamətində baş vermiş döyüş toqquşmaları zamanı da Ermənistan silahlı qüvvələri tərəfindən mülki obyektlərin hədəfə alınması və dinc sakinlərin qəsdən öldürülməsi kimi əməllərin şahidi olduq.
Bir daha qətiyyətlə bildiririk ki, Azərbaycan Ordusu Ermənistanın bütün atəş nöqtələrini, hərbi dayaq məntəqələrini və digər legitim hərbi hədəflərini məhv etmək potensialına malikdir və buna qadirdir. Ermənistanın hər bir təxribatının qarşısı Tovuz döyüşlərində olduğu kimi qətiyyətlə alınacaq və bu kimi təxribatların törədilməsinə görə bütün məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcəkdir”, - deyə məlumatda qeyd olunub.
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Tərəfsiz Jurnalistlər İB-nin icra etdiyi “İşğalçı Ermənistanın bölgədə təhlükəsizliyə təhdidlərilə bağlı xarici mediada təbliğat kampaniyasının təşkili” layihəsi çərçivəsində təqdim edilir.