Azərbaycanda dövlət müəssisələrinin fəaliyyəti ilə bağlı uzun müddətdir tənqidi fikirlər səsləndirilir. İllik maliyyə dövriyyələri milyonlarla manat olan iri dövlət müəssisələri fəaliyyətlərini müasir tələblər səviyyəsində qura bilmədiklərindən nəinki ölkə iqtisadiyyatının inkişafına töhfə verir, hətta dövlət büdcəsindən əlavə subsidiyalar alır. Vəziyyət o həddə çatıb ki, bu ilin avqustunda Prezident İlham Əliyev də iri dövlət müəssisələrinin fəaliyyətini kəskin tənqid edib.
Prezidentdən tənqid: Dövlət şirkətlərinə ayrılan vəsait o şirkətlərin səmərəliliyi ilə üst-üstə düşmür
Bu il avqustun 6-da çıxışında dövlət şirkətlərinin idarə edilməsində mövcud olan problemlərə toxunub: "Dövlət şirkətlərinin idarə edilməsi istiqamətində atılacaq addımlar bu iqtisadi canlanmanı təmin etməlidir, itkiləri azaltmalıdır. Dövlət şirkətlərində itkilər kifayət qədər böyükdür. Elektrik xətlərindəki itkilər də, əlbəttə ki, bizi narahat edir. Baxmayaraq ki, son vaxtlar bu sahəyə böyük vəsait qoyulub, müasir infrastruktur yaradılıb, lakin yenə də itkilər var. Amma özəl sektorda əgər itki varsa, bu özəl sektorun subyekti müflisləşir, biznesini bağlayır və heç kim bunun köməyinə gəlmir. Amma dövlət şirkətləri öyrəşiblər ki, onların bütün qüsurları, bütün itkiləri dövlət tərəfindən bağlanacaq.
Bütün digər dövlət şirkətlərində vəziyyət ya buna oxşardır, ya bundan pisdir, ya da ki, bir qədər yaxşıdır. Amma fakt odur ki, əgər dövlət şirkətləri normal korporativ idarəetmə əsasında işləməyəcəklərsə, onda biz bu problemlərlə daim üzləşəcəyik. Bundan sonra buna dözmək olmaz. Hesab edirəm ki, dövlət şirkətlərinə ayrılan vəsait o şirkətlərin səmərəliliyi ilə üst-üstə düşmür. Bu qədər vəsait ayrılıb, daha da böyük nəticə əldə olunmalı idi. Ancaq bu, yoxdur. Çünki birinci növbədə onlar tam əmindirlər ki, dövlət həmişə bunların bütün problemlərini öz üzərinə götürəcək, onların götürdükləri və verə bilmədikləri kreditləri öz üzərinə götürəcək, onlara subsidiya verəcək və beləliklə, bunlarda arxayınlıq yaranıbdır".
Paylarının nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin səmərəlilik problemi
Nazirlər Kabinetinin 4 iyun 2019-cu il tarixli qərarı ilə təsdiq edilən "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi" qaydasına görə, səmərəliliyin qiymətləndirilməsi dövri olaraq səmərəlilik göstəricilərinin hesablanması ilə həyata keçirilir. Hesablama üçün əsas səmərəlilik göstəricilərinin istifadəsi məcburi, əlavə səmərəlilik göstəricilərinin istifadəsi isə könüllüdür. SG-nin hesablanması hüquqi şəxslər tərəfindən illik aparılır. Hüquqi şəxs üzrə tətbiq olunan bütün SG-lərin xüsusi çəkilərinin məcmusu 100 faiz təşkil edir. Əsas səmərəlilik göstəricilərinin xüsusi çəkisi 60 faizdən az olmamalıdır.
Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilən Azərbaycan Respublikasında kommunal xidmətlərin inkişafına dair “Strateji Yol Xəritəsi” kommunal xidmətlər sahəsində təkmilləşdirilmiş institusional mühitin və mütərəqqi idarəetmə sistemlərinin formalaşdırılmasını nəzərdə tuturdu.
Amma "Azərişıq" ASC-nin fəaliyyətinin hələ də günün tələbləri çərçivəsində qurulmadığı bildirilir. Qurumun internet səhifəsində səmərəliliyinin qiymətləndirilməsi ilə bağlı hansısa iş aparılması haqqında heç bir məlumat yoxdur. “Strateji Yol Xəritəsi”nə nəzərdə tutulan fəaliyyətə dair hesabat isə 2017-ci ilə aiddir.
"Azərişıq" nizamnamə kapitalını 470,817 min manata çatdıra bilməyib
"Azərişıq" ASC Bakı şəhərində və 2015-ci ildən etibarən Naxçıvan Muxtar Respublikası istisna olmaqla, Azərbaycanın bütün regionlarında elektrik enerjisinin ötürülməsi və paylanmasında yeganə təchizatçıdır.
2019-cu ilin maliyyə hesabından da görünür ki, həmin il üzrə Şirkət 54,863 min manat məbləğində xalis zərərlə üzləşib. Əlavə olaraq, həmin tarixə Şirkətin cari öhdəlikləri onun cari aktivlərindən 459,133 min manat çox olub. 2019-cu ildə Şirkət Nazirlər Kabinetinin göstərişi əsasında nizamnamə kapitalının 470,817 min manat artırılması üçün tədbirlərə başlasa da, lakin dövlət orqanlarındakı struktur dəyişiklikləri ilə əlaqədar proses hesabat ilinin sonuna tamamlanmayıb.
Şirkətin əsas gəlir mənbəyi elektrik enerjisi satışı və quraşdırma xidmətləridir. Digər gəlir mənbələrinə digər tərəflərdən əvəzsiz əldə olunmuş aktivlər daxildir. 2018-ci ildə şirkətin müqavilələr üzrə gəlirləri 1,204,115 min manatdan 1,231,575 min manatadək artsa da, digər gəlirləri 906 min manatdan 866 min manatadək azalıb. Elektrik enerjisi satışından daxil olan gəlirə elektrik ötürücü xətlərində müvafiq olaraq 88,946 min manat və 16,613 min manat məbləğində texniki və kommersiya zərərləri daxil deyil (2018: müvafiq olaraq 88,476 min manat və 28,705 min manat). Bu zərərlər müvafiq dövrlər üzrə qüvvədə olan elektrik enerjisinin satınalma tariflərinə əsasən müəyyən edilib.
"Azərişıq" ASC-nin əsas funksiyası təchizatçıdır ki, bu sahəni özəlləşdirmək mümkündür
İri dövlət müəssisələrinin fəaliyyətinin səmərəli qurulması məsələsinə münasibət bildirən iqtisadçı ekspert Rəşad Həsənov deyir ki, dövlət müəssisələrində yaranan problemlərin çoxu maliyyə-təsərrüfat fəaliyyətinin şəffaf olmamasından qaynaqlanır: "Buna görə də göstərilən xidmətin maya dəyəri "artır". Nəticədə əksər dövlət müəssisələri zərərlə işləyir və əlavə vəsaitlər cəlb edir. Ona görə ilk öncə diqqət dövlət müəsisələrində maliyyə-təsərrüfat fəaliyyətinin şəffaflaşdırılmasına yönəldilməlidir. Hesabatlılıq, ictimai nəzarətin təmin olunması həyata keçirilməlidir. Problemin daha bir səbəbi dövlət idarəetməsinin özünün nöqsanlı olmasıdır. Dünyanın hər yerində mülkiyyətçi yanaşması olmayanda idarəetmədə ciddi nöqsanlar ortaya çıxır. Hazırkı məqamda infrastrukturu dövlətin balansında saxlamaq şərti ilə idarəetməni özəl sektora ötürmək olar. Ən azından indiki mərhələdə "Azərişıq" ASC-nin əsas funksiyası təchizatçı, paylayıcıdır ki, bu sahəni özəlləşdirmək mümkündür. Hansı ki, Azərbaycan 2016-cı ildə qəbul etdiyi enerji starategiyasında da bu məqam nəzərdə tutulub. Amma ötən dövr ərzində heç bir addım atılmayıb. Bunun nəticəsində şəffaflığın yaranması ilə yanaşı, itki risklərini də azaltmış olarıq".
"Digər kommunal xidmət göstərən qurumlar kimi "Azərişıq" ASC-də də yeyintilərin böyük bir hissəsi itkilər adı altında toplanılır: "Aparılan araşdırmalar göstərir ki, itkilərin bir hissəsi infrastruktrun nöqsanlarından qaynaqlanırsa, bir hissəsi idarəedicinin subyektiv maraqlarından qaynaqlanır. Özəl sektorun prosesə cəlb edilməsi ilə bu sahəyə əlavə investisiya qoyula, infrastruktur təkmilləşdirilə, uzunmüddətli müqavilələr bağlandığı halda isə investiyanın həcmi daha böyük olar. Nəticədə itki adı altında dövlətə yüklənən itkinin qarşısı alınar. Bu halda itki bu xidməti təşkil edənin özünündür. O da çalışacaq ki, mümkün qədər bu itkini azaltsın. Bu halda həm də dövlət infrastrukturun təkmilləşdirilməsi xərclərindən azad olunacaq",- deyə iqtisadçı R.Həsənov qeyd edir.
İctimai vəsaitlərin xərclənməsinə nəzarət etməsək, proses belə davam edəcək
İqtisadçı Nazim Bəydəmirlinin qənaətinə görə, "Azərişıq" ASC də digər kommunal xidmət göstərən qurumlar kimi mənimsənilən vəsaitləri ört-basdır etmək üçün itkiləri qabardır: "İtkilər 1-2 faiz, maksimum 5 faiz ola bilər. Amma elektrik enerjisinin və ya suyun itkisi 20-30 faizə çıxırsa, deməli yanlışlıq var. Respublikamızda qanun kifayət qədər sərtdir və dövlət vəsaiti hesabına sayğaclaşma tam başa çatıb. Demək, itkilər də olmamalıdır. Hesab edirəm ki, cəmiyyət olaraq artıq bu kimi hallara dözümlü yanaşmağımızın vaxtı çoxdan keçib. Hazırda biz Vətən Müharibəsi aparırıq. Hər bir qəpiyin, hər bir manatın hesabatı verilməlidir. Amma həmin qurumlar astronomik həddə vəsait xərcləyir, dövlət qarşısında öhdəlikləri yerinə yetirmir, dövlətdən əlavə subsidiya alır. Bundan başqa dövlət zəmanəti ilə kreditlər alır, sonra həmin kreditləri də dövlət ödəyir. Amma indiki durumda həmin iri müəssisələrin özəlləşdirilməsi vəziyyətdən çıxış yolu deyil. Çıxış yolu həmin qurumların idarəetmə orqanları üzərində Müşahidə Şurası yaratmaqla idarəetməni təkmilləşdirməkdir. Vətəndaş cəmiyyəti institutları və azad media təmsilçiləri iri dövlət müəssisələrinin Müşahidə Şuralarında təmsil olunmalıdır. Söhbət tərəfsiz qeyri-hökumət təşkilatlarından və ölkədə cəmiyyət tərəfindən inanılan insanların təmsil olunmasından gedir. Əgər ictimai vəsaitlərin xərclənməsinə nəzarət etməsək, proses belə davam edəcək".
Son 5 il ərzində texniki itki səviyyəsinin 5 faiz azalmasına nail olunub
"Azərişıq" ASC-nin sədrinin müşaviri Fərrux Heybətov bildirir ki, Azərbaycanda kommunal xidmətlərin inkişafına dair "Strateji Yol Xəritəsində" qurumun qarşısında yeniliklər və innovasiyalar sahəsində bir sıra vəzifələr qoyulub: "Bu istiqamətdə, "Azərişıq" ASC tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Smart Grid – Ağıllı Şəbəkələrin qurulmasına ölkə üzrə tətbiqinə artıq start verilib. Bu isə “Ağıllı Şəhər” və “Ağıllı Ölkə” konsepsiyasının reallaşdırılması istiqamətində atılan mühüm addımdır. Paylayıcı şəbəkədə qüsurların real vaxt rejimində və operativ aşkarlanması üçün “Ağıllı Şəbəkələrin” təməl elementlərindən olan 5 ədəd - (Mingəçevir, İmişli, Şəmkir, Qəbələ, Balakən şəhərlərində “Avtomatik İdarəetmə və Nəzərət Mərkəzləri” istifadəyə verilib".
Qurumun Mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu isə deyir ki, təmsil etdiyi qurum itkilərin azaldılması və səmərəlilik göstəricilərinin artırılması istiqamətində iş aparır: "2015-ci ildə “Azərişıq” ASC yaradılanadək şirkətdə elektrik enerjisi özrə texniki itki 13,9 faiz təşkil edib. Görülən tədbirlər nəticəsində 2016-cı ildə bu rəqəm 10 faizə, 2017-ci ildə 9,9 faizə, 2018-ci ildə 9,8 faizə düşüb. 2019-cu ildə isə itkilər 9,7 faizə qədər azaldılıb. 2020-ci il üzrə texniki itki göstəricisinin 0,8 faiz azaldılmaqla 8,9 faizədək azaldılması proqnozlaşdırılıb. Bu gün də "Azərişıq" ASC texniki itkilərin azaldılması, uçot sisteminin təkmilləşdirilməsi, habelə dayanıqlı elektrik təchizat sisteminin təmin olunması üçün zəruri texniki tədbirləri davam etdirir. Bu məqsədlə elektrik şəbəkələrində əsaslı yenidənqurma işləri aparılır, ağac dayaqlar yeni dəmir-beton dayaqlarla əvəz olunur, eləcə də uçot sistemi təzələnərək sayğaclar yenilənir. 2015-2020-ci illər ərzində, ümumilikdə 1 milyon 300 minə yaxın abunəçi yeni sayğaclarla təchiz edilib ki, bunun da 1 milyon 157 mini əhali, 142 min 309-u isə qeyri-əhali abonentərinə aid uçot nöqtələri təşkil edib. Bu ilin 8 ayında isə 151 045 abonent yeni sayğacla təchiz edilib və bunun da 142 808-i əhali, 8 237-i isə qeyri-əhali abonentlərinə aiddir. 2019-cu ilin 8 ayı ərzində texniki itki səviyyəsi 9,7 faiz, 2020-ci ilin 8 ayında isə bu göstərici 0,7 faiz azalaraq 9 faizə endirilib. Ümumilikdə, “Azərişıq” ASC üzrə son 5 il ərzində texniki itki səviyyəsinin 5 faiz azalmasına nail olunub. Son 5 ildə 500-dən çox kənd və qəsəbələrdə, cari ilin 8 ayında isə 50-dən çox inzibati ərazi vahidliklərində (0,4 kV-luq şəbəkələrdə) yenidənqurma işləri aparılıb”.
Qurum rəsmisi bildirir ki, cari ilin yanvar - avqust aylarında “Azərişıq” ASC-nin əməkdaşları tərəfindən Bakı və regionlar üzrə 1088 kənar xətdən istifadə və xüsusi qurğular ilə 12 müdaxilə faktı qeydə alınıb: "Beləliklə itirilmiş enerjinin miqdarı 14 884 492 kVts həcmində olub. Bu isə 1 406 227 manat deməkdir. Oğurluq faktları ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilib. Quraşdırılan müasir sayğaclar rəqəmsal olmaqla yanaşı, yük dinamikasına nəzarət funksiyasını və digər əlavə müdaxilə hallarını arxivləşdirən yaddaşa malikdir. Bu da yerində müdaxilə hallarının aşkarlanması zamanı operaivliyi təmin edir. Avtomatik İdarəetmə və Nəzarət mərkəzləri ilə istənilən müdaxilə halı dərhal aşkar olunur, elektron qeydə alınır, aktlaşdırılır və bu kimi talançılıq faktları barədə hüquq-mühafizə orqanlarına müvafiq qaydada müraciətlər ünvanlanır".
Dünyanın bəzi kiçik ölkələrdə kommunal xidmət göstərən qurumların bazarda inhisarçılığı mövcuddur. Amma xarici ölkələrdə inhisarçılığın qarşısını alan mexanizmlər tətbiq edilir. Azərbaycanda da Tarif Şurası kommunal xidmətlər sahəsində qiymətləri müəyyənləşdrməklə inhisarçılığın qarşısında bir maneədir. İnhisarçılıq vətəndaşlarla müqavilələrin bağlanması və şəbəkəyə qoşulmada özünü göstərsə də, qiymətlərin müəyyənləşməsində mövcud deyil. Buna baxmayaraq istənilən inhisarçılıq rəqabətin və inkişafın qarşısnı alır. Dünyada təchizatçı şirkətlər çalışırlar daha keyfiyyətli xidmətlər təklif etsinlər. Çünki rəqabət var və xidmətin strukturu o qədər inkişaf edib ki, xidməti təklif edən tərəfin və ya paylayıcı şirkətin nöqsanlarına görə vətəndaşa zərər dəyirsə, bu zərərin kompensasiya mexanizmi işə düşür və şirkətlər böyük miqdarda maliyyə itkisinə məruz qalır. Bizdə isə keyfiyyətli xidmət bir tərəfə, mövcud səmərəsiz idarəetmə, şəffaflığın olmaması və inhisarçılıq alternativ enerji sahəsinin inkişafına da bir maneədir.
Xalid VAHİDOĞLU