Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ-ın “Azadlıq Proekti” ilə bağlı qərarına münasibət bildirib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Şahbaz Şərif sosial media hesabında paylaşım edərək ABŞ Prezidenti Donald Trampın qərarını alqışlayıb.
“Fars körfəzindəki "Azadlıq Proekti"nin müvəqqəti dayandırılması ilə bağlı cəsarətli liderliyi və vaxtında etdiyi açıqlama üçün Prezident Donald Trampa minnətdaram. Prezident Trampın Pakistan və digər qardaş ölkələrin, xüsusilə Səudiyyə Ərəbistanının və dəyərli qardaşım vəliəhd şahzadə Məhəmməd bin Salmanın xahişinə verdiyi bu müsbət cavab bu həssas dövrdə regional sülhün, sabitliyin və dialoqun inkişafına mühüm töhfə verəcək”, – deyə Şərif bildirib.
Baş nazir açıqlamasının davamında Pakistanın diplomatiyaya sadiqliyini də vurğulayıb:
“Pakistan münaqişələrin dialoq və diplomatiya yolu ilə sülh şəraitində həllini və təmkinli davranışı təşviq edən bütün səyləri qətiyyətlə dəstəkləyir. Mövcud dinamikanın region və onun hüdudlarından kənarda davamlı sülh və sabitliyə gətirib çıxaracağına ümid edirik”.
Xatırladaq ki, bir müddət əvvəl, ABŞ Prezidenti Donald Tramp da sosial media paylaşımında “Azadlıq Projesi”nin müvəqqəti dayandırıldığını açıqlayıb. O bildirib ki, bu qərar Pakistan və digər ölkələrin xahişi, eləcə də İranla aparılan danışıqlarda əldə olunan irəliləyiş nəzərə alınaraq qəbul edilib.