Azərbaycanda onkoloji xidmətin yaradılmasının 80 illiyinə həsr edilmiş “Bədxassəli şişlərin diaqnostikası və müalicəsinə müasir yanaşma” adlı elmi konfrans keçirilib.
Modern.az xəbər verir ki, tədbir Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi, Amerika Kliniki Onkologiya Cəmiyyəti və Azərbaycan Onkoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində karantin rejiminin tələbləri nəzərə alınaraq təşkil edilib.
Konfransı giriş sözü ilə açan Milli Onkologiya Mərkəzinin Baş direktoru, akademik Cəmil Əliyev Azərbaycanda onkoloji xidmətin yaradılması və 80 il ərzində keçdiyi tarixi yol haqqında konfrans iştirakçılarına məlumat verib.
C.Əliyev bildirib ki, onkoloji xidmətin flaqmanı olan Milli Onkologiya Mərkəzinin nanotexnologiyalarla təchiz olunmuş müayinə və müalicə strukturlarının, poliklinika və cərrahiyyə korpuslarının, Uşaq Onkoloji Klinikasının tikilib istifadəyə verilməsində ölkə Prezidenti İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çox böyük səyləri və əməyi var.
Azərbaycan Respublikası Prezidenti Aparatının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı təbrik məktubunu səsləndirərək, konfransın işinə uğurlar arzulayıb.
Tədbirin davamında çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Azərbaycanda onkologiyanın inkişaf tarixindən, müasir onkologiyanın əldə etdiyi nailiyyətlərdən söz açaraq qeyd edib ki, ölkəmizdə onkoloji xidmətin hazırki səviyyəyə çatması və bu xidmətin dinamik şəkildə yüksələrək müasir standartlara cavab verməsi, bütün sahələrdə olduğu kimi bu sahəyə də, dövlətimizin diqqət və qayğısı nəticəsində mümkün olub.
Konfrans öz işini Azərbaycanda onkologiyanın inkişafı, bədxassəli şişlərin müasir diaqnostikası və müalicəsi üzrə müxtəlif mövzularda məruzələrlə davam etdirib.