Modern.az

Məhsuldar yaradıcılıq yolunun yetkinlik zirvəsi - Akif Cabbarlı

Məhsuldar yaradıcılıq yolunun yetkinlik zirvəsi - Akif Cabbarlı

Aktual

22 May 2021, 12:27

Çağdaş professional jurnalistikamızın tanınmış nümayəndəsi, istedadlı qələm sahibi, Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının  üzvü Akif İsmayıl oğlu Cabbarlının 70 yaşı tamam olur. Pandemiya şəraitinin məhdudiyyətlərinə baxmayaraq, ölkənin media və ədəbi-bədii ictimaiyyəti ustad jurnalistin və orijinal sənədli-bədii əsərlər müəllifinin ömür yolunun yetkinlik çağının əlamətdar hadisəsini həssaslıq və qədirbilənliklə, səmimi təbriklər və xoş arzularla qeyd edir.

 

Ömrünün səkkizinci onuilliyinin hesabı bugünlərdə açılan Akif Cabbarlı 1951-ci ilin gül-çiçək fəslində, mayın 15-də yurdumuzun cənnətmisal guşələrindən sayılan Qəhələ rayonunda dünyaya göz açıb. Orta məktəb illərindən yerli və ölkə mətbuatında çıxış etməyə başlayan həmkarımızın ötəri olmayan bu marağı 1969–1973-cü illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində aldığı ali peşə təhsili ilə professionallıq səviyyəsinə çataraq, onun ömürlük həyat yolunu müəyyən edib.

Respublikanın kütləvi informasiya vasitələri sferası rəhbərliyinin perspektivli kadr kimi mərkəzi mediada işləməyə göndərdiyi gənc jurnalist peşəkar fəaliyyətə Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində başlayıb. Akif Cabbarlı Azərbaycanın bu ən böyük və geniş auditoriyalı media kollektivində–radio və televiziyanın baş redaksiyalarında müxtəlif dövrlərdə, 20 ilə yaxın müddətdə kiçik redaktordan baş redaktor və yaradıcılıq birliyi rəvhbəri vəzifəsinədək yaradıcılıq yolu keçib. O, illər boyu canlı efir və ekrandakı xronikal və aktual çıxışları ilə milli teleradionun populyar reportyoru və şərhçisi kimi nüfuz qazanıb.

 

Təcrübəli jurnalist kimi Akif Cabbarlı 1987-ci ildə ölkənin avanqard dövri nəşri “Xalq qəzeti”nin (keçmiş “Kommunist”) nüfuzlu və tələbkar redaksiyasına məsul işə gətirilib, baş müxbir və bölgə müxbiri vəzifələrində çalışıb, buradakı 5 illik uğurlu qəzetçilik fəaliyyətini 2007–2011-ci illərdə “Azərbaycan” qəzetində davam etdirib. Sonrakı illərdə həmkarımız İctimai Teleradio Yayımları Şirkətində mətbuat xidmətinə rəhbərlik edib, “Media və zaman” proqramının redaktoru olub. Son 2 ildə Akif Cabbarlı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında redaktor vəzifəsində çalışır.

 

Bu zəngin bioqrafiyadan da göründüyü kimi, ictimai-faydalı həyatını bütünlüklə milli jurnalistikamızın inkişafına həsr edən Akif Cabbarlı medianın əksər sahələrində çalışaraq, yüksək peşəkarlığı, aktual yaradıcılığı, milli media ənənələrinə sadiqliyi, davamçılarını yetişdirmək qayğısına qalması ilə seçilib. Əməkdar jurnalist kimi fəxri ada layiq görülmüş bir çox yazar Akif Cabbarlını özünün  ustadı sayır. Onun həmişə günün çağırışlarını cavablandıran  məhsuldar jurnalist əməyi daim sənədli-bədii yaradıcılıqla müşayiət olunaraq, zamansızlıq qazanan bir sıra əsərlərin ərsəyə gəlməsi ilə tamamlanıb.

Peşə fəaliyyətinə daim vətənpərvərlik, dövlətçilik, milli həmrəylik və peşəkarlıq meyarları ilə yanaşan Akif Cabbarlı 55 ildən artıq yaradıcılığı dövründə öz sözü, mövzusu, üslubu ilə seçilən jurnalist, minlərlə radio və televiziya verilişi və süjetinin, müxtəlif janrlı çoxsaylı qəzet-jurnal yazılarının müəllifi olmaqla yanaşı, xalq həyatının ağrı-acılarını, sevinc-şadyanalığını, həssaslıq və müdrikliyini də məharətlə bədiiləşdirmiş yazıçı-publisist kimi də tanınıb. Onun müxtəlif illərdə üşıq üzü görmüş “Qızılgüllər açılacaqmı”,”Bir ömrün reportajı”, “Cənnətdə nə var, nə yox, Rafiq müəllim”, “Biz o şəhərə gedəcəyik”, “Səngər uvertürası” kimi publisistik və bədii nümunələrdən ibarət topluları yaşadığımız dövrü yüksək sənətkarlıqla salnamələşdirən kitablar sırasında yer alıb. Mahir jurnalist növbəti yubiliyinə layiqli yaradıcılıq hesabatı olan “Yolda” sənədli-bədii əsərlər toplusi ilə gəlib.

 

 Dəyərli həmkarımız Akif Cabbarlını məhsuldar həyatının yetkinlik zirvəsi olan 70 yaşının tamam olması münasibətilə təbrik edir, ölkənin nüfuzli media xadiminə möhkəm cansağlığı və davamlı yaradıcılıq    uğurları arzulayırıq.

 

 Azərbaycan Mətbuat Şurası, Ahıl Jurnalistlər Məclisi

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı