İyunun 4-də Kəlbəcərdə iki jurnalist və bir mülki şəxsin ermənilərin yerləşdirdiyi minaya düşərək həlak olması, 4 nəfərin isə yaralanması böyük səs-küy yaratdı. Hadisə dünya azərbaycanlılarının qəzəbinə səbəb oldu, Azərbaycanın rəsmi qurumları bəyanatla çıxış etdilər.
Lakin nədənsə ölkəmizdəki dini icmaların olayla bağlı ciddi addımı diqqət çəkmədi.
Modern.az saytının əməkdaşı dini icmalara müraciət edib.
Azərbaycanda Alban-udi xristian icmasının sədri Robert Mobili qeyd edib ki, hələ ki icma tərəfindən bəyanat verilməyib:
“Belə bir hadisənin baş verməyi hər birimizə mənəvi cəhətdən ağır zərbə oldu. Düzdür, bu məsələ ilə bağlı silsilə tədbirlər keçiririk. Amma hələlik icma tərəfindən heç bir bəyanat verilməyib”.
Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev də icma tərəfindən heç bir bəyanat verilmədiyini bildirib:
“Hadisə ilə bağlı hansısa bəyanat yaymamışıq. Amma biz də bütün Azərbaycan xalqının dərdinə şərikik. Bu ərşə dirənən zülmdür. Bu zülm yerdə qalmayacaq”.
Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən isə bildirilib ki, qurum ayrıca bəyanat hazırlayır və tezliklə beynəlxalq ictimaiyyətə ünvanlanacaq.
Fidan İlqar