Modern.az

Zelenski ilə Putin Türkiyədə görüşməyəcək 

Zelenski ilə Putin Türkiyədə görüşməyəcək 

Analitika

Bu gün, 13:10

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Volodimir Zelenski arasında İstanbulda keçirilən görüş Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində diplomatik təmasları yenidən gündəmə gətirib. Danışıqlarda Qara dənizdə təhlükəsizlik, mülki gəmilərə hücumların qarşısının alınması və taxıl dəhlizinin fəaliyyəti əsas müzakirə mövzuları olub. Görüşdən sonra Zelenski Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli təmasların Türkiyədə keçirilməsi ehtimalını da gündəmə gətirib.

Modern.az-a açıqlamasında türkiyəli general Yücel Karauz bildirib ki, İstanbul görüşü əsasən Qara dənizdə gərginliyin azaldılması və diplomatik kanalların açıq saxlanılması baxımından əhəmiyyət daşıyır.

O qeyd edib ki, görüşdə Türkiyə tərəfi Qara dənizdə mülki gəmilərə qarşı hücumların kim tərəfindən həyata keçirilməsindən asılı olmayaraq, bunu qəbuledilməz hesab etdiyini bəyan edib. Onun sözlərinə görə, Ərdoğan tərəfləri məsuliyyətli davranmağa çağırmaqla yanaşı, ədalətli sülhün təmin olunması üçün Türkiyənin bütün səyləri göstərməyə hazır olduğunu vurğulayıb.

General bildirib ki, Zelenski ilə Ərdoğan Qara dəniz Taxıl Dəhlizinin fəaliyyətinin bərpası və effektivliyinin artırılması istiqamətində də razılığa gəliblər. Eyni zamanda, noyabrın ilk yarısında keçirilməsi nəzərdə tutulan Ukrayna-ABŞ-Rusiya üçtərəfli təmasları üçün hazırlıq məsələləri müzakirə olunub:

"Qısa müddətdə Qara dənizdə mülki gəmilərə hücumların azalması, gəmiçilik təhlükəsizliyinin qismən bərpası və taxıl dəhlizinin yenidən canlanması istiqamətində diplomatik təkan gözlənilir. Türkiyənin həm Moskva, həm də Kiyevlə danışa bilən mövqeyi bu məsələdə konkret rol oynaya bilər. Orta müddətli perspektivdə isə noyabr ayında nəzərdə tutulan üçtərəfli format üçün zəmin hazırlanması gözlənilir. Türkiyənin bu prosesə ev sahibliyi və ya vasitəçilik etməsi ehtimalı var. Bununla belə, ərazi məsələləri, təhlükəsizlik zəmanətləri və tam atəşkəs kimi fundamental mövzularda qısa müddətdə ciddi dəyişiklik gözləmək real deyil. İstanbul görüşü daha çox gərginliyin azaldılmasına və diplomatik kanalların açıq saxlanılmasına xidmət edir".

Y.Karauz Zelenskinin Putinlə Türkiyədə görüşmək təklifinin reallaşma perspektivlərinə də toxunub. O bildirib ki, Ukrayna lideri belə bir görüşə hazır olduğunu açıq şəkildə ifadə edib və Türkiyənin vasitəçiliyinə ümid bəsləyir:

"Zelenski Türkiyədə belə bir görüşün keçirilməsinə hazır olduqlarını bildirib. O, Ərdoğanın həm Putin, həm də Trampla əlaqələrinin diplomatik prosesə töhfə verə biləcəyini düşünür. Türkiyə də 2022-ci ildə İstanbulda keçirilən danışıqlar təcrübəsini nəzərə alaraq, bu istiqamətdə ev sahibliyi etməyə hazır olduğunu dəfələrlə nümayiş etdirib. Lakin burada əsas məsələ Kremlin mövqeyidir. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Putinin Zelenski ilə görüşməkdən heç vaxt imtina etmədiyini, amma Ukrayna liderinin belə bir görüş istəyirsə, Moskvaya gəlməli olduğunu bildirib. Beləliklə, görüşün keçiriləcəyi məkanla bağlı tərəflər arasında fikir ayrılığı mövcuddur".

Generalın fikrincə, Türkiyənin hər iki tərəflə münasibətləri, əvvəlki vasitəçilik təcrübəsi və Ərdoğanın şəxsi diplomatik əlaqələri bu ölkənin rolunu artıran amillərdir. Bununla belə, Putinin görüşün Moskvada keçirilməsində israr etməsi, Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi və ABŞ-nin prosesdəki iştirakı səbəbindən yaxın zamanda iki liderin Türkiyədə görüşməsi real görünmür.

"Bu baxımdan, ilkin mərhələdə texniki heyətlərin iştirakı ilə üçtərəfli təmasların keçirilməsi və sonrakı mərhələdə liderlər səviyyəsində görüşün təşkili daha mümkün ssenari kimi görünür. Ümumilikdə, Ərdoğan-Zelenski görüşü Qara dəniz təhlükəsizliyi və diplomatik təmasların davam etdirilməsi baxımından müsbət siqnaldır. Zelenskinin Türkiyə təklifi diplomatik imkan yaratsa da, Putinin razılığı olmadan bunun konkret nəticəyə çevrilməsi çətindir. Noyabrda nəzərdə tutulan təmaslar və Qara dənizdəki vəziyyət prosesin gələcək istiqamətini daha aydın göstərəcək", - deyə Y.Karauz vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Dünyanı dəhşətə gətirən XƏBƏRDARLIQ - İran nüvə silahıyla vurulacaq!