Ümummilli liderimiz Heydər Əliyevin bütün müdrik fikirləri kimi, “Əgər xalq azad, sərbəst yaşamaq istəyirsə, ölkəsinin, torpaqlarının toxunulmazlığını arzu edirsə, gərək hər şeydən öncə orduya qayğı göstərsin” – kəlamı özünü tamamilə doğruldub. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruq” siyasətinin, rəşadətli Silahlı Qüvvələrimizin uğurlu hərbi əməliyyatlarının nəticəsi olaraq Vətən müharibəsində şanlı qələbəmizlə 30 illik yurd həsrətinə, Qələbə intizarına son qoyuldu. Artıq torpaqlarımızın işğal günlərini deyil, Zəfər təqvimimizi vərəqləyirik.
Bizə qələbə sevinci yaşadan şəhidlərimizin ruhu şad olsun!
Vətən uğrunda döyüşən hər bir qəhrəmanımız ümumxalq ehtiramına layiqdir!
Yaralanmış döyüşçülərimiz, qazilərimiz tezliklə sağlıqlarına qovuşsunlar!
Azərbaycanın Silahlı Qüvvələrində öz şərəfli xidmətlərini yerinə yetirən, səngərləri sərhədlərə daşıyan və vüqarla dayanan, hərbi hissələrdə fəaliyyət göstərən, Azərbaycanın torpaqlarını, vətənimizi qoruyan əsgərləri, zabitləri, döyüşçüləri ürəkdən təbrik edirəm.
Azərbaycan Xalq Cümhuriyyətinin hələ Gəncədə fəaliyyət göstərən hökumətinin ilk addımlarından biri Azərbaycanın Milli Ordusunun yaranması haqqında verdiyi qərar olmuşdu. Həmin qərara, addıma böyük hörmət əlaməti olaraq Ümummilli lider Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildən 26 iyun Azərbaycanın Silahlı Qüvvələri günü elan edilib.
Ötən müddətdə Azərbaycan xalqı ordu quruculuğu sahəsində mürəkkəb, ziddiyyətli və eyni zamanda şərəfli bir yol keçmişdir. Müstəqil Azərbaycanın Silahlı Qüvvələri 103 illik yoldan keçərək, bugünkü Müzəffər nizami ordu səviyyəsinə gəlib çatmışdır.
Azərbaycan xalqının qədim, zəngin dövlətçilik tarixi vardır. Azərbaycanın dövlətçilik tarixində ordu qurulması, yaranması, dövləti, ölkəni qorumaq üçün qüdrətli olması həmişə diqqət mərkəzində dayanıbdır. Azərbaycan xalqı çoxəsrlik tarixində çox döyüşlərdən çıxmış, yadelli basqınlara cavab verərək, torpaqlarını qoruyub, qonşu xalqların, ölkələrin təcavüzünün qarşısını alıb, yaxud da öz ərazisinin bərpasını təmin edərək çox döyüşlərdən çıxıb. Azərbaycan xalqı tarix boyu görkəmli qəhrəmanlıq nümunələri göstərib. Çar Rusiyasının ordusunda azərbaycanlılar, müsəlmanlar xidmət etmədikləri halda Azərbaycan oğulları rus ordusunun yüksək səviyyəli hərbi məktəblərini bitirib, döyüşlərdə böyük peşəkarlıq, qəhrəmanlıq nümunələri göstərib, general rütbəsi alıb, yüksək ordenlərlə təltif ediliblərsə, bunlar Azərbaycan xalqının nəyə qadir olduğunu göstərir. Azərbaycan xalqının igid oğulları öz qəhrəmanlıqları ilə dastana çevriliblər, nəsillərdən-nəsillərə, dillərdən-dillərə keçiblər. Koroğlu, Babək kimi adlar bizim tarixi keçmişimizin, Mübarizlər, Poladlar, Həzilər, Muradlar, Raqublar xalqımızın bu gününün qəhrəmanlıq, cəsurluq nümunələridir, hər bir Azərbaycan gənci üçün örnəkdir.
Bu gün iftixar hissi ilə deyə bilirik ki, artıq Azərbaycanın müzəffər nizami ordusu var. Ordu quruculuğu, Silahlı Qüvvələrin yaranması böyük səriştə, təcrübə, bilik tələb edir. Azərbaycanın bugünkü ordusu öz gücünü bütün dünyaya göstərdi.
Biz buna çətin yollardan keçərək nail olmuşuq. Azərbaycan xalqı hətta müstəqil olmadığı halda da, başqa dövlətin tərkibində, yaxud başqa bir rejimdə yaşadığı zamanda da hərbi peşəni mənimsəməyə çalışıb və çox nümunələr göstərib. Müstəqilliyimizin bərpasından sonra isə Azərbaycanda ordunun inkişaf etməsi, möhkəmlənməsi dövlətimizin və xalqımızın ən əsas vəzifəsi olub. Biz həmişə həmrəy olaraq bəyan etmişik ki, Azərbaycanın dövlət müstəqilliyi əbədidir və sarsılmazdır.
Bu günlərdə Müzəffər Ali Baş komandan, Prezident İlham Əliyev Azərbaycanın Mədəniyyət Paytaxtı - hər birimiz üçün müqəddəs olan Şuşada çıxışında vurğuladığı kimi “Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Xalq həmrəylik göstərdi, bir yumruq kimi birləşdi və bu Qələbəni qazandı. Bu, bizim hamımızın qələbəsidir.”
Cənab Prezident həmçinin vurğulayıb ki, “Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”
İkinci Qarabağ müharibəsi Azərbaycanın gücünü bütün dünyaya göstərdi. Çünki biz XXI əsrin müharibəsini aparmışıq və bu gün artıq sirr deyil ki, dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, bizim uğurlarımız, Qələbəmiz öyrənilir. Xarici mətbuatda artıq dəfələrlə məlumat verilib ki, dünyanın aparıcı ölkələri, o cümlədən Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və inkişaf etmiş digər ölkələr İkinci Qarabağ müharibəsinin bütün aspektlərini öyrənir. Öz ordularını müasir standartlara, müasir tələblərə uyğunlaşdırmaq istəyirlər. Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və istədiyimizə nail olduq, işğalçıları torpaqlarımızdan qovduq.
Belə möhtəşəm qələbəni qazanılması sözlə ifadə oluna bilməyəcək qədər qürurvericidir.
Azərbaycan torpaqlarının azad edilməsi uğrunda həyatını qurban vermiş, şəhid olmuş Azərbaycan oğullarının xatirəsi bizim üçün əzizdir.
Bu gün biz ilk dəfədir ki, Azərbaycanın Silahlı Qüvvələri gününü qalib dövlət kimi bayram edirik. Ölkəmizə sülh və əmin-amanlıq arzulayıram. Əmin-amanlığımızın və sülhün keşiyində bizim qəhrəman əsgərlərimiz dayanıblar.
Azərbaycan Ordusuna eşq olsun!
Toğrul İsmayıllı,
Azərbaycan Dillər Universiteti
Jurnalistika fakültəsinin birinci kurs tələbəsi