Modern.az

Onları unutmadıq!

Onları unutmadıq!

Aktual

2 İyul 2021, 13:55

Bu gün onları yad edəcəyəm. Onları xatırlayıb anmasam, elə bilirəm, vicdanım rahat olmaz bu gün. 2 iyul-Azərbaycan polisinin yaranmasının 103-cü ildönümü günündə şimal bölgəsində işləmiş və şəhid olmuş, hər hansı hadisə, silahlı insident zamanı həyatını itirmiş polislərimizdən yazacağam.

 

Qusar rayon polis şöbəsinin sahə müvəkkili,polis serjantı Sərdar Səfərov 1991-ci il sentyabr ayının 25-də Qarabağda ermənilərin gülləboran etdiyi sərnişin avtobusunu xilas edərkən şəhid olub. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Sərdar Səfərov cəbhəyə könüllü getmişdi.Əslən Kəlbəcərdən olan Sərdar Səfərovun bu gün ruhu şaddır, doğma Kəlbəcəri artıq düşmən tapdağı altında inləmir. Onun xatirəsi işlədiyi Qusar rayonunda əbədiləşdirilib, adına küçə verilib və xatirə kompleksi inşa olunub.

 

Qusar polisi daha bir əməkdaşını -polis baş leytenantı Fazil Balabəyovu 1993-cü il iyun ayının 15-də itirib.Üzdəniraq "Sadval"ın şimalda at  oynatdığı həmin vaxt Fazil Balabəyov separatçıların hücumuna məruz qalaraq öldürülüb. Qusarlı polis kapitanı Xanlar Balamətov 2001 - ci il may ayının 24-də rayon ərazisində çeçen radikalları tərəfindən qətlə yetirilib.

 

Qusar rayon polis şöbəsinin əməliyyat müvəkkili Qalib Quliyev də radikal dini qruplaşmaların birini tərksilah edərkən həlak olub.2013-cü il oktyabr ayının 16-da silahlı dəstə üzvlərinin zərərsizləşdirilməsi məqsədi ilə keçirilən əməliyyatda güllələnərək qətlə yetirilib.

 

Xaçmaz polisinin də Qarabağ şəhidi var.Əvvəlki illərdən fərqli olaraq indi bu şəhidin də ruhu sevinir.Uğrunda canından keçdiyi Vətən torpağı indi azaddır-deyə.Xaçmaz polis şöbəsinin  polis baş leytenantı Xüdrəddin Şükürov 1992-ci ilin avqust ayında Ağdamın Gülablı kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.Xaçmaz polisinin digər bir əməkdaşı Oqtay Həbibov isə 1995-ci ilin avqust ayında Həsənqala kəndində cinayətkarın tutulması zamanı bıçaqlanıb və xəstəxanada keçinib.

 

Xidmət zamanı öldürülən polis əməkdaşlarımızdan biri də Daşqın Həsənağa oğlu Turabovdur. Onun vaxtsız ölümü atası,məşhur və unudulmaz  xalq artistimiz Həsənağa Turabovun belini qırdı,onu çox yaşamağa qoymadı.Siyəzən polis şöbəsinin əməliyyat müvəkkili işləmiş Daşqın 1997-ci il mart ayınln 10-dan 11-ə keçən gecə Əlişir Tağıyev adlı silahlı cinayətkarın yaxalanması əməliyyatı zamanı Əlişirin qəfil atəşinə məruz qalıb.Cinayətkarın açdığı 13 güllədən 6-sı Daşqına dəyib və 53 dəqiqə yaşadıqdan sonra  xəstəxanada keçinib.

 

Bu gün mən şimal bölgəsində işləmiş və indi həyatda olmayan 7 polis əməkdaşını qısaca yad etdim. Etməyə bilməzdim. Belə polislərimiz ölkəmizdə çoxdur. Xidməti fəaliyyət zamanı həlak olmuş və Qarabağ savaşında şəhid olmuş nə qədər polslərimiz var. Bu gün onların hamısının ruhuna sevinc qatılıb. Bu ilki polis gününü Azərbaycan polisləri qalib ölkənin güc strukturlarından biri kimi qeyd edir.Haqqı  da var. Hörmətli nazirimiz Vilayət Eyvazov başda olmaqla Azərbaycan polisinin bütün şəxsi heyətini təbrik edirəm.Hər birinə sağlamlıq , ölkədə ictimai asayişi və təhlükəsizliyi qorumaqda uğurlar arzu edirəm!

 

Aytəkin ALXASLI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?