
Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Elmira Axundova müzakirəyə çıxarılan məsələlər barəsində çıxış edib.
O, deyib ki, “İcra haqqında” Qanununu nəzərdən keçirdikdə görünür ki, burada alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlərdən, aliment öhdəlikləri üzrə ödənilən məbləğlərdən, alimentlərin tutulması və aliment öhdəlikləri üzrə borcların ödənilməsi qaydasından bəhs edilir, eyni zamanda qeyd edilir ki, alimentlərin tutulması və aliment öhdəlikləri üzrə borcların ödənilməsi qaydası Ailə Məcəlləsi ilə müəyyən edilir.
“Bununla belə “İcra haqqında” Azərbaycan Respublikası Qanununda və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş tədbirlər istənilən nəticəni vermir, çünki qərəzli şəkildə ödənişdən boyun qaçıranlardan ödənişlərin yığılmasının əməli mexanizmi hazırlanmayıb”.
E.Axundovanın sözlərinə görə, bu qanuna və digər müvafiq qanunvericlik aktlarına əlavə və dəyişiklilərin edilməsini məqsədəuyğun sayır.
“Bu dəyişikliklər öz keçmiş ailəsini aldadan və doğma uşaqlarını maddi dəstəksiz qoyanlarla effektiv mübarizə aparılmasında icra məmurlarına yardım edəcək. Yeri gəlmişkən, bu tədbirlər bir sıra Avropa dövlətlərində geniş tətbiq olunur və bunları Rusiya da tətbiq etmək niyyətindədir.
Söhbət sürücülük hüququ, silah daşıma hüququ, ovçuluq və balıqçılıq fəaliyyəti üçün lisenziya kimi xüsusi hüquqlardan gedir. Əgər müəyyən olunsa ki, şəxs boşanıb və alimenti ödəmir, həmin məbləği tam ödəyənə qədər onu sürücülük hüququndan və ya yuxarıda qeyd edilən lisenziyalardan məhrum etmək olardı.
Bundan əlavə, bəzi qərb ölkələrində qərəzli şəkildə aliment ödənişindən boyun qaçıranlara qarşı digər effektiv bir metoddan istifadə edilir. Həmin ölkələrdə bu cür şəxslərlə bağlı məlumatlar sərhəd xidmətinə ötürülür və bu insanlar xaricə istirahət və ezamiyyətə buraxılmırlar”.
E.Axundova hesab edir ki, bənzəri tədbirlər bizim ölkədə də tətbiq edilə bilərdi
“Yalnızca bu cür sərt, amma ədalətli mexanizmin işə salınması ilə biz övladları ilə tənha yaşamağa məhkum edilmiş qadınların bu probleminin qismən də olsa həllinə nail ola bilərik. Xahiş edirəm mənim təklifimi nəzərdən keçirə və müvafiq dəyişikliklər edəsiniz”.
Dağınıq skleroz xəstəliyi olan şəxslərlə bağlı İnzibati Xətalar Məcəlləsinə edilən əlavələri çox müsbət dəyərləndirən deputat təklif edib ki, birinci qrup göz xəstələri ilə birinci qrup dağınıq skleroz xəstələrinə verilən pensiyaların həcmi bərabər olsun.
“Hazırda I qrup göz xəstələri üçün pensiya baza hissəsinin 200 faizidirsə, I qrup dağınıq skleroz xəstələri üçün 120 faizi nəzərdə tutulur və onların pensiyaları arasında 50-60 manat fərq yaranır. Amma hər iki xəstələrin daimi olaraq kənar şəxslərin köməyinə ehtiyacı var. Hətta mən deyərdim ki, dağınıq skleroz xəstələrinin digər şəxslərin köməyinə daha böyük ehtiyacı var. Ən əsası da odur ki, bu xəstəlik çox bahalı və uzun müddətli müalicə tələb edir. Bu da həmin kateqoriya xəstələrin pensiyalarının həcminin əsaslı şəkildə qaldırılmasını zəruri edir. Bununla bağlı Komissiyamıza dəfələlərlə müraciət olunub.
Çox istərdim ki, artıq bu aktual məsələyə konkret bir münasibət bildirilsin, bu məsələ də öz müsbət həllini tapsın”.
Modern.az