Azərbayan dövləti və xalqı Vətən müharibəsində qazanılan Şanlı Zəfər sayəsində 30 - illik işğala, ədalətsizliyə son qoyuldu. Artıq Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub və ölkəmizin ərazi bütövlüyü təmin edilib. Prioritet vəzifələrdən biri olan işğaldan azad olunan ərazilərin bərpa edilməsi uğurla davam etdirilir. Prezident İlham Əliyevin 2021-ci il 22 iyul tarixində Daşkəsən rayonunda Azərbaycan Televiziyasına verdiyi müsahibədə postmüharibə dövrünün reallıqlarından bəhs edərək bir daha revanşist meyillərin yaranmasının Emənistan üçün nə qədər təhlükəli olmasını vurğuladı. Dağlıq Qarabağ yoxdur, status yoxdur!» söyləyən ölkə Prezidentinin 7 iyul 2021-ci il tarixli Sərəncamı əsasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması Ermənistanın və ona havadarlıq edən dövlətlərin apardığı qərəzli təbliğatlara tutarlı cavabdır.
Dövlətimizin başçısı cənab İlham Əliyevin regionlara müntəzəm səfərləri, səfərlər zamanı baş tutan açılışlar və təməlqoyma mərasimləri regionlarımızın inkişafının daim dövlət siyasətinin mərkəzində olmasının baris nümunəsidir.
Müsahibə zamanı istifadəyə verilən obyektlərin regionların hərtərəfli inkişafına xidmət etməsini vurğulayan dövlət başçısı bildirib ki, əksəriyyətində ən müasir idman qurğuları olmaqla Azərbaycanda fəaliyyət göstərən 48 idman kompleksindən biri Goranboy rayonunda istifadəyə verilib. Naftalanda açılan yeni sanatoriya isə şəhərin turizm potensialını artırır. Kənd təsərrüfatının inkişafı sahəsində görülən işlərdən Şəmkir su kanalının çəkilməsi böyük əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, Naftalan şəhərində, Goranboy, Daşkəsən rayonlarında icra edilən layihələr sırasında eyni zamanda yolların, içməli su xətlərinin çəkilməsi, xəstəxanaların, sosial obyektlərin tikilməsi, iş yerlərinin yaradılması da durur.
Azərbaycanın bütün məsələlərdə konseptual və ədalətli yanaşma sərgilədiyini söyləyən Prezident bildirib ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Bunun ən gözəl nümunəsi İkinci Qarabağ Müharibəsidir. Biz təkbaşına, bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, beynəlxalq hüququ və ədaləti bərpa etdik.
44 gün davam edən İkinci Qarabağ müharibəsində hərb tarixində bənzəri olmayan məğlubiyyətə uğrayan ermənilərin son günlərdə yenə də atəşkəsi pozmaları Ermənistan hökümətinin məkirli siyasətindən xəbər verir.Bütün hallarda dünyanın qlobal güc mərkəzləri müxtəlif adlar altında Ermənistana dəstək göstərməkdə maraqlıdırlar. Lakin, Ermənistana dəstək verən,onu müharibəyə təhrik edən güclərin bütün planları yenə də puç olacaqdır.
Bu gün ölkə iqtisadiyyatının neft-qaz sektorundan asılılığını tədricən azaltmaq, qeyri-neft sektorunun inkişafına nail olmaq və iqtisadiyyatı şaxələndirmək dövlətimizin qarşıya qoyduğu başlıca məqsədlərdən biridir.Bu məqsədlə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə neft-qaz sektorundan əldə edilmiş gəlirlərdən səmərəli istifadə edərək iqtisadiyyatın digər sahələrini inkişaf etdirmək, dayanıqlı və möhkəm iqtisadiyyata nail omaq üçün ciddi əməli tədbirlər görülür, əsaslı və köklü islahatlar həyata keçirilir.
Artıq rayonlarda sosial-iqtisadi sahədə yaxşı inkişaf var. Bir çox sosial obyektlər inşa edilib. Layihələrin bir çoxu, o cümlədən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı xətti ilə icra olunur və hər il bu proqrama əlavələr edilir.
Mahmudov Natiq
Şuşa Rayon İcra Hakimiyyətinin əməkdaşı