“Azərbaycan xalqını təbrik edirəm. Mən yer tutmaya da, bürünc medal qazana da bilərdim. Amma evdən qızıl medal üçün çıxmışdım”.
Modern.az xəbər verir ki, bunu Tokio Olimpiadasında gümüş medal qazanan karateçimiz Rafael Ağayev deyib.
“Brilyant oğlan” yarışla bağlı təəssüratlarını bölüşərək bildirib: “İdmançılar var ki, gəzmək üçün və sadəcə Olimpiadada iştirak etmək üçün gəlirlər. Təəssüflər olsun ki, Tokioya qızıl medal üçün gəlsəm də, gümüş medal oldu. Hakimliyə qarşı finalda mübarizə apardım. Amma bəhanələri sevmirəm, olan oldu.
Mən mükafatlandırma mərasimində Luici Buza ilə görüşmədim, o, buna layiq deyildi. Mən dünyanın bir nömrəsiyəm. Bu, özündənrazılıq deyil. Dünyada beşqat dünya çempionu yoxdur. Hesab 0:0 olanda vurduğum zərbə xal sayılsaydı, görüş başqa nəticə ilə başa çatacaqdı. Orda dörd yan xətt hakimi bayraqları xeyrimə qaldırmışdı. Ancaq təkrara baxıb, xalımı vermədilər".
36 yaşlı R.Ağayev bundan sonra daha dörd il karyerasını davam etdirəcəyini söyləyib:
“Mən uzun müddət idi ki, Olimpiya medalının həsrətində idim. Olimpiadada karate daha əvvəl olsaydı, indi Olimpiya çempionu da olmuşdum. Aldığımız məlumata görə, karate ilk və sonuncu dəfə Tokio Olimpiadasına salındı. Düzdür, ola bilsin ki, Los Anceles-2028-də olsun. Amma mən onda karyeramı bitirmiş olacağam. 2025-dək döyüşəcəyəm. Bundan sonra karyeramı bitirib, Azərbaycanda öz məktəbimi açmaq istəyirəm”.
Qeyd edək ki, bu gün Azərbaycan komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk gümüş medalını qazanıb. Olimpiada proqramına ilk dəfə salınan karate növündə Rafael Ağayev fəxri kürsünün ikinci pilləsinə qalxıb.
İdmançımız finalda italiyalı Luici Busaya uduzub. Bununla da R.Ağayev ikinci yeri tutub.