Artıq bir neçə gündür ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti və texnikaları Türkiyədə meşə yanğınlarına qarşı mübarizə aparır. Qardaş ölkənin çətin günündə köməyə yollanan FHN-in yanğın-xilasetmə qüvvələri alovun söndürülməsi və geniş ərazilərə yayılmasının qarşısını almaq üçün xüsusi fədakarlıq nümayiş etdirir.
“Yanğınlar tam söndürülənədək qardaşlarımızın yanındayıq” deyən qəhrəman FHN əməkdaşları təəssüratlarını Modern.az-la bölüşüblər.
Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qrupunun üzvü Asif İsgəndərov yanğın bölgəsində görülən işlər barədə bildirib:
“Qardaş ölkəyə yardıma gəlmişik. Yanğından xilasetmə işlərində türkiyəli qardaşlarımıza yardım edirik. Avadanlıqlarımız tam işlək vəziyyətdə əməliyyatlara hazırdır. İnşallah, əlimizdən gələni qardaşımızdan əsirgəməyəcəyik. Allah yardımçımız olsun. Buradan Azərbaycana salam deyirik”.

Yanğın-xilasetmə qrupunun digər üzvü Bədərzadə Nurlan isə bildirib ki, Azərbaycandan Türkiyəyə gəlmək qardaşlıq borcudur:
“Qardaş Türkiyəyə Muğla ərazisində meşə yanğınlarını söndürmək üçün köməyə gəlmişik. Bir millət, iki dövlət olaraq, hər zaman qardaş Türkiyənin yanındayıq. Əlimizdən gələn hər bir dəstəyi göstərmək bizim borcumuzdur. Avadanlıqlar və şəxsi heyət ilə birlikdə hər cür köməkliyi göstərəcəyik. Bütün qüvvəmizlə buradayıq”.
Xatırladaq ki, Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, avqustun 6-da Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin növbəti – dördüncü qrupu Türkiyəyə yola düşüb.
Aysel Məhərrəm