Modern.az

“Əhd etmişdim ki, Laçına sürünərək gedəcəm” - Çıraqov

“Əhd etmişdim ki, Laçına sürünərək gedəcəm” - Çıraqov

Aktual

7 Avqust 2021, 13:02

Avropa Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə 2015-ci ildə qəbul etdiyi qərara əsasən zərərçəkmiş kimi tanınan keçmiş məcburi köçkünlər bir neçə gün əvvəl Laçın rayonuna səfər ediblər. Onlar 30 illik Vətən həsrətindən sonra doğma yurdlarına qayıtmağın sevincini yaşayıblar.

 

Adışirin Çıraqov səfərlə bağlı təəssüratlarını Modern.az-la bölüşüb. O bildirib ki, bu səfər illərlə Kəbə ziyarətini həsrətlə gözləyən insanın arzusunun gerçəkləşməsinə bərabərdir...

 

“Orada keçirdiyim hissləri sözlə ifadə etmək mümkünsüzdür. Bir insan özünü dərk edəndən Kəbəyə getməyi arzulayır və gün gəlir Kəbə ziyarətinə gedir. Bax, mənim Laçına qayıdışımı 40 il Kəbə ziyarətini gözləyən insanın həsrəti ilə müqayisə etmək olar.

 

Mən Laçından əli silahlı çıxmışdım və əhd etmişdim ki, qismət olsa, bu torpaqlara sürünə-sürünə, ayaqyalın qayıdacağam. Düzdür, niyyətimə çatdım, amma sağlamlığım imkan vermədi ki, Laçına sürünərək gedim. Sadəcə ayaqyalın, divara söykənib getdim. Bu hissləri danışmaqla, təəssüratımızı bölüşməklə heç kim bizi anlaya bilməz. Bunu yaşamaq lazımdır”.

 

 

Xatırladaq ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Azərbaycan Respublikasının vətəndaşları Elxan Çıraqov, Adışirin Çıraqov, Ramiz Cəbrayılov, Akif Həsənov, Fəxrəddin Paşayev və Qaraca Cəbrayılovun 2005-ci il 6 aprel tarixli iddiaları üzrə 2015-ci il iyunun 16-da qəbul etdiyi qərarda “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası”nın 8-ci, 13-cü və 14-cü maddələrinin və Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin pozulduğu əksini tapıb.

 

Qərarın qəbulundan altı ildən çox vaxt keçməsinə baxmayaraq, Ermənistan üzərinə qoyulan öhdəlikləri yerinə yetirmir, zərərçəkmiş kimi tanınan altı nəfər Azərbaycan vətəndaşına vurduğu mənəvi və maddi ziyana görə təzminat ödəmir. 

 

Fidan İlqar

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?