"Final görüşü üçün hər şeyi düzgün qurmuşdum və yaxşı fikirləşmişdim".
Modern.az xəbər verir ki, bunu Tokio-2020 Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev deyib.
Onun sözlərinə görə, rəqibi heç nədən görüşü saxlayıb:
“Rəqibim fiziki cəhəddən zəif idi. Bunu döşəkdə hiss edirdim. Sonuncu saniyələrdə rəqib ayağıma girdi. Görüş başlayandan 5-6 dəfə ayağıma girməyə cəhd göstərdi, amma qarşısını aldım və ayağımı vermədim. Axırda ayağımı verdim. Mənə elə gəlir ki, rəqib heç nədən görüşü saxlayırdı. Guya zədə almışdı. Tez-tez görüşü saxlayır və güləşə zidd hərəkətlər edirdi. Kəllə vururdu və cırmaq atırdı. Qızıl medal üçün hər şeyi etmişdim, çox əziyyət çəkmişdim. Demək, qismətimizdə bu var imiş".
Hacı Əliyev hesab edir ki, hakimlər görüşdə düzgün qərar verib:
“Mən istəmərəm ki, ədalətsiz danışım. Rəqib axıra yaxın qaçırdı və bir xal fərqi ilə məğlub oldum. Yenə əlimdən gələni etdim. Neçə illərdir ki, mənə güləşdə verilən tapşırığı layiqincə yerinə yetirdim. Bu, bəlkə də mənim sonuncu olimpiadam idi. Heyifsilənmirəm. Medal qazana bilməyən idmançılarımız da oldu. Buna da şükür".