Türkiyədə meşə yanğınları bəzi bölgələrdə davam edir. Yanğınların 12-ci günündə də Azərbaycan qardaş ölkəni tək qoymayaraq, böyük faciənin qarşısının alınması üçün bütün imkanlarını səfərbər edib.
Hazırda yanğınsöndürmə və xilasedici qruplarımız fədakarlıqla öz işlərini görürlər.
Azərbaycandan göndərilən qrupların fəaliyyətini Türkiyə necə qiymətləndirir və yanğınlarla bağlı son vəziyyət necədir?

Qlobal Jurnalistlər Şurasının sədri Mehmet Ali Dim Modern.az-a yanğın bölgələrindəki vəziyyət və Azərbaycanın dəstəyi haqqında danışıb.
O, Azərbaycandan göndərilən yanğınsöndürənlərin öz vəzifələrini yüksək səviyyədə gördüklərini deyib:
“Hazırda yanğın bölgəsindəyəm. Burada bütün dünyadan yardımlar var. Azərbaycandan gələn yardım dəstələri yanğınsöndürmə işlərində fəallığı ilə seçilir. Yanğınlar demək olar ki, söndürülüb, çoz az yerdə qalıb. Amma bu gün rahat şəkildə deyə bilərik ki, yanğınlar dayanıb. Artıq yanğın yoxdur, çalışmalar uğurla davam etdirilir. Bunun müjdəsini verə bilərəm. Dəstək verdiyi üçün Azərbaycana təşəkkür edirəm”.

Qlobal Jurnalistlər Şurasının üzvü ( Global Journalism Council), tanınmış jurnalist Merih Ak isə Modern.az-a bildirib ki, Azərbaycanın dəstəyi Türkiyə tərəfindən yüksək qiymətləndirilir:
“Türkiyənin müxtəlif yerlərində meşə yanğınları hələ davam edir. Mübarizə tədbirləri gücləndirilmiş rejimdə aparılır. Bəzi yerlərdəki yanğınlar lokallaşdırılıb. Komandalar bölgədə soyutma işlərinə başlayıblar. Böyük yanğınların mərkəzi Muğladır. Təxminən 60 min hektar ərazi yanğınlar nəticəsində tamamilə kül olmuş vəziyyətdədir. Müxtəlif ölkələrdən gələn dəstək qüvvələri Muğlanın bəzi yerlərində baş verən yanğınların söndürülməsində iştirak edir. Bunlardan biri də qardaş ölkə Azərbaycandır. Azərbaycandan Muğlaya gələn qrupların sayı getdikcə artır. İlk dəfə 100 nəfər gəlmişdi, ancaq indiki say 355-ə çatıb. Azərbaycan əlavə olaraq bölgəyə 50 yanğınsöndürən maşın göndərib. Son olaraq iki axtarış-xilasetmə dəstəsi Muğlaya gəldi, hazırda çalışmalara davam edirlər”.

Azərbaycandan gedən FHN qrupları harada fəaliyyət göstərir?
Merih Ak suala cavab olaraq qeyd edib:
“Kemerköy İstilik Elektrik Stansiyasına (İES) yanğın sıçramışdı. Orada ciddi vəziyyət vardı. Əsas binaya ziyan dəyməyib, ancaq çevrədəki meşə tamamilə yanmış vəziyyətdədir. Bir qrup Azərbaycan dəstəsi orada fəaliyyət göstərir. Hər hansı yanğın vəziyyəti yaranarsa, yenidən müdaxilə etmək üçün hazırdırlar.
Bundan əlavə, Azərbaycandan hava dəstəyi gəldi. Onlar özəlliklə yanğının ən çox olduğu nöqtələrdə söndürmə və soyutma işləri görürlər. Həmin bölgələrdə yanğının irəliləməsi yaşayış yerlərinə ziyanın dəyməsi deməkdir.
Həqiqətən Türkiyə böyük fəlakətlərdən birini yaşayır. Ölkənin cənub və qərbi yanır. Bəlkə də Türkiyənin tarixində qarşılaşmadığı qədər böyük bir yanğından bəhs edirik. Bu fəlakətdə ilk yardım əli qardaş Azərbaycandan gəldi. İlk növbədə dəstələrini göndərdilər. Təbii ki, Türkiyə olaraq biz də azərbayanlı qardaşlarımızın yanındayıq. Özəlliklə o bölgədə yaşayan türklər Azərbaycan bayrağını görəndə böyük sevgi və hörmətlə qarşılayırlar. Onların hər cür ehtiyacını qarşılamaq üçün səfərbər olublar. Azərbaycanlı qardaşlarımız böyük mübarizə aparır. Onlar meşə yanğınlarının söndürülməsində inanılmaz şücaət göstərirlər. Canlarını fəda edərək, alovların üstünə gedirlər. Azərbaycanın bizə etdiyi yardımlar Türkiyə tərəfindən yüksək qiymətləndirilir”.

Jurnalist Mehmet Barlas isə Dənizli bölgəsindəki son vəziyyəti Modern.az-a açıqlayıb:
“Türkiyədəki yanğınları söndürmək üçün qardaş Azərbaycandan gələn qruplar Denizlidə həm yanğın yerində, həm də insanların təxliyəsində fəal işlər görürlər. Yanğınların tamamilə nəzarət altına alınmasında qardaş ölkənin dəstəyi böyük oldu. Azərbaycandan gələn Fövqəladə Hallar Nazirliyinin 100 nəfərlik yanğınsöndürən komandası Denizlinin Buldan və Tavas yerlərində baş verən yanğınların qarşısının alınmasında öz vəzifələrini layiqincə yerinə yetirdilər”.
Qlobal Jurnalistlər Şurasının üzvü, hazırda Adana bölgəsində olan jurnalist Savaş Çokduygulu artıq təhlükənin geridə qaldığını söyləyib:
“Buradakı yanğınlar söndürülüb, dəstək verdiyi üçün Azərbaycana təşəkkür edirik. Biz olduğumuz bölgədə azərbaycanlılar yoxdur, amma onların gördüyü işləri eşidirik. Türk xalqı tərəfindən yüksək qiymətləndirilir”.