Bu gündən Azərbaycanda Məhərrəm ayı başlayır. Miladi təqvimi ilə Məhərrəm ayının ilk günüdür.
Hicri-qəməri təqvimi ilə 1442-ci il başa çatır, yeni 1443-cü ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə avqustun 10-na, Məhərrəm ayının 10-u Aşura günü isə avqustun 19-na təsadüf edir.
Məhərrəmlik bu il dünyada davam edən koronavirus pandemiyası ilə əlaqədar müvəqqəti məhdudiyyətlər şəraitində keçəcək. Məcburi karantin tədbirləri virus təhlükəsinin çoxalmaması üçün insanların sıx toplaşmaması qaydalarını nəzərdə tutur.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, sosial məsafənin təmini mümkün olmayan kütləvi mərasimlərdə virusa yoluxma sayının artma təhlükəsini nəzərə alaraq, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri tövsiyə ediblər ki, bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda ibadətlərin və mərasimlərinin karantin qaydalarına uyğun olaraq keçirilməsi vacibdir.
Məhərrəmlikdə adətən toy və nişan mərasimlərinin keçirilməsi dini baxımdan bəyənilmir. İnsanlar bu ayda içki məclislərindən və şənliklərdən uzaq durmağa çalışırlar. Lakin sərt karantin qaydalarından sonra toyların müəyyən şərtlər çərçivəsində bərpa olunmasını nəzərə alsaq, Məhərrəmlik ayında da belə məclislərin davam edəcəyi istisna deyil.
Məhərrəmlikdə toy etmək üçün şadlıq saraylarına müraciətlər olubmu?
Modern.az məsələ ilə bağlı toy-nişan mərasimlərinin keçirildiyi şadlıq sarayları arasında sorğu keçirib.
“Pluton Hall”dan Məhərrəmlikdə şənlik məclisi keçirməyəcəkləri bildirilib: “Hələlik toy və ya nişanla bağlı sifariş daxil olmayıb.”
“Gilavar” saray: “Bizə toy, nişan və ya ad günü ilə bağlı hər hansı müraciət edən olmayıb”.
“Al” saray: “ Xeyli sayda müraciət olunub. Məhərrəmlik ayında toy etmək istəyənlər var”.
“Versal Palace”: “ Sifariş daxil olub, ancaq Məhərrəmlik ayında belə sifarişləri qəbul etmirik”.
“ Nazlı” saray: “Məhərrəm ayında sifariş qəbul etmirik. Bu ayda toy etmək düzgün deyil”.
“İnci” saraydan isə “ Xeyr, müraciət edən olmayıb” deyə bildirilib.
Əlaqə saxladığımız digər şadlıq evlərindən də təxminən eyni cavabı aldıq – “Məhərrəmlikdə toy etmirik”.
Maraqlıdır, Məhərrəmlikdə toy etməyə hazırlaşan, bunun üçün şadlıq saraylarında vaxt təyin edən xeyli cütlüklər var. Toya dəvətlə bağlı həm sosial şəbəkələrdə, həm də ictimaiyyət arasında kifayət qədər fakta rast gəlmək olar. O, zaman restoranlar niyə bunu gizlədirlər? Səbəb nədir?
Görünür, şadlıq evlərinin inzibatçıları “Toya icazə vermirik” deməklə, ictimai qınağa tuş gəlmək istəmirlər.
Humay İsgəndərova