Qida Təhlükəsizliyi Agentliyi pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində aidiyyəti dövlət orqanları ilə birgə reydləri davam etdirir.
Agentlikdən Modern.az-a verilən məlumata görə, Zaqatala şəhərinin F.Əmirov küçəsində “Ağ saray” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.
Pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi, sıxlıq normalarının gözlənilmədiyi, həmçinin şadlıq evinin sahibi ilə toy sahibi arasında müvafiq iltizamnamə bağlanılmadığı məlum olub.
Aşkarlanan pozuntularla əlaqədar müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib. Eyni zamanda, ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.