Modern.az

Qarabağda rəsmi Bakının əleyhinə atılan hər addıma Moskva cavabdehdir

Qarabağda rəsmi Bakının əleyhinə atılan hər addıma Moskva cavabdehdir

Aktual

13 Avqust 2021, 15:18

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist

 

Ermənistan hərbçilərinin rusiyalı “məramı sülhlərin” gözü qarşısında Laçın dəhlizindən qanunsuz olaraq keçib Azərbaycan ərazilərinə soxulması, üstəlik Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında, eləcə də Kəlbəcər və Laçın rayonlarının ərazilərində özlərinə yeni terrorçu yuvası qurması Azərbaycan cəmiyyətini nəinki narahat edir, hətta haqlı olaraq hiddətləndirir. 

Əslində Rusiyalı “sülhməramlılar” 10 noyabr gecəsi Qarabağa dürtüləndə Moskvanın siyasi oyunbazlığından az-çox anlayışı olan hər bir azərbaycanlı dərhal duydu ki, Cənubi Qafqazda - Gürcüstan və Ermənistanda olduğu kimi, Azərbaycan ərazisində də öz hərbi birləşmələrinin olmasını çoxdan istəyən Rusiya nəhayət öz məkrli niyyətinə nail oldu.

Xatırlayırsınızsa o gecə Rusiya Prezidenti V.Putin məlum üçtərəfli bəyanatın imzalanmasından öncəki çıxışında, “Rusiya öz tərəfindən hər şeyi edəcək ki, bu gün bizim imzalayacağımız bəyanatdakı üç ölkə arasında danışıqların gedişində əldə edilmiş mövqelərin hamısı icra olunsun”, deyərək üzərinə öhdəlik götürdü. Ancaq bu bəyanatın 4-cü bəndində “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”, tələbi qoyulsa da, bu bənd nəinki yerinə yetirildi, əksinə, üstəlik indi Putinin əsgərləri yeni erməni silahlı dəstələrinin münaqişə yerinə qayıtmasını açıq-aşkar təmin edir. İndi Rusiyaya “Qafqaz əsiri” filmindəki epizodlardan birində deyildiyi kimi, açıq demək lazımdır ki, "Siz, sizə göstərilən yüksək etimadı doğrultmadınız!"

 

Sözsüz ki, bu işdə üçtərəfli bəyanatda Paşinyanın da imzası olduğundan hüquqi baxımdan ilk baxışda məsuliyyətin rəsmi İrəvanın üzərinə düşdüyü hesab olunsa da, amma burada ən böyük məsuliyyətin Moskvanın üzərinə düşdüyünü Kremlə anlatmaq lazımdır. Çünki işğalçıları öz torpağından vurub çıxaran Azərbaycan Ordusunu dilə tutub dayandıran məhz Rusiya oldu. Bu üzdən də, Azərbaycan ərazisində ermənilərə ürəyi yanıb “sülhməramlılıq” edən Rusiya nəzarət etdiyi Qarabağda rəsmi Bakının əleyhinə atılan hər bir addıma görə İrəvandan daha çox özü cavab verməlidir.  

Diqqət edin, Azərbaycan XİN-ni “Üç tərəfin imzaladığı 10 noyabr 2020-ci il bəyanatının razılaşdırılmış ifadələri, açıq şəkildə erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını qeyd edir və heç bir şəkildə hərbi qulluqçuların yerdəyişməsi və yerləşdirilməsini nəzərdə tutmur”, deyə açıqlama versə də, ancaq Ermənistan XİN-nin Qarabağdakı qanunsuz erməni hərbi birləşmələri ilə bağlı verdiyi bəyanatda az qala iddia edilir ki, üçtərəfli razılaşmada “qoşunların çıxarılması” ifadəsi yer almayıb.

Yeri gəlmişkən, Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsində üçtərəfli bəyanatın tam mətnindəki 4-cü bənd “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”, eyni zamanda, Wikipedianın rus dili bölməsində “Миротворческий контингент Российской Федерации развёртывается параллельно с выводом армянских вооружённых сил”, yazılsa da, amma təəssüf ki, Wikipedianın Azərbaycan dili bölməsində “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir”, kimi səhv tərcümə olunaraq yazılıb ki, bu da insanlar arasında müəyyən çaşqınlıq yaradır. Əlbəttə görünür burada “tərcüməçilər”, “translate.google.com”dan istifadə etdiklərindən, cümlədə işlədilən “с выводом” sözü “geri çəkilmək” kimi tərcümə olunub. Hər halda rus dilini az-çox bilənlər anlayır ki, “geri çəkilmək” rus dilində “отступать” deməkdir.

 

Ancaq məsələyə hansı dildə baxılmasından asılı olmayaraq BMT Təhlükəsizlik Şurası kimi dünyanın ən böyük beynəlxalq təşkilatının 4 qətnaməsinə 27 il ərzində “vız” atmayan rəsmi İrəvan, məgər indi qoltuğuna girdiyi Rusiya ilə bərabər imzaladığı üçtərəfli bəyanata məhəlmi qoyacaq? Eyni sözləri elə Moskva haqqında da demək olar; Gürcüstanın, Moldovanın, Ukraynanın timsalında istədiyi ölkənin ərazisini dünyanın gözü qarşısında işğal edən imperialist Rusiyanın imzaladığı məlum bəyanata riayət edəcəyi nə qədər inandırıcı görünəndir?

 

Bu üzdən də Rusiyalı “sülhməramlılar” 10 noyabrda onlara həvalə edilmiş etimadı doğrultmadıqlarından rəsmi Bakı Moskvanın qarşısına bir neçə qəti şərt qoymalıdır: Azərbaycan ərazisində yerləşmiş erməni silahlıları sonuncu nəfərinədək məlum bəyanatın 4-cü bəndinə uyğun olaraq Qarabağdan çıxarılıb dərhal Ermənistana qaytarılsın; Əks halda Azərbaycan Ordusuna antiterror əməliyyatına başlamasına mane olmasın; Laçın dəhlizində rusiyalılarla bərabər Azərbaycan Ordusu əsgərlərinin özünün yer alması təmin olunsun. Bu şərtlər qəbul edilmədikdə, Rusiyanın üçtərəfli bəyanatı pozduğuna görə Azərbaycan ərazisini tərk etməsi üçün Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi əsas götürülərək müvafiq addımlar atılsın. 

Doğrudur, rəsmi Bakı XİN və Müdafiə Nazirliyi səviyyəsində bu olayla bağlı öz narahatlığını qarşı tərəflərə bildirsə də, ancaq Azərbaycan cəmiyyəti bu mövqenin daha tutarlı və kəsərli olmasını istəyir. Azərbaycan cəmiyyəti bu işdə ötən il olduğu kimi yenə də, öz milli dövlət təhlükəsizliyini və rəhbərini dəstəkləyir. 

Bu arada, istər Rusiya, istərsə də Azərbaycan mediası, həçinin sosial şəbəkə istifadəçiləri İsfəndiyar Vahabzadənin Jirinovskiyə cavab olaraq “qoyunu” “donuzla” əvəzləyib söylədiyi bir kəlmə sözü “spindoktor” (fırlatmaq) edib gündəmdə olan əsas - Ermənistan hərbçilərinin rusiyalı “sülhməramlıların” gözü qarşısında Laçın dəhlizindən keçərək qanunsuz olaraq Azərbaycan ərazilərinə soxulması mövzusunun üstünü malalayıb sıradan çıxarmamalıdırlar. İ.Vahabzadə hüquqi baxımdan hazırda dövlət qulluqçusu və ya rəsmi dövlət adamı deyil, sıradan olan bir vətəndaşdır. Bir şeyi də anlamaq lazımdır ki, iki adam dalaşanda bir-birinə “başına dönüm, qadan alım” demir, əsəbləşdiyindən söyüşür.

Sizə yeni x var
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir